44 günlük Vətən müharibəsində qanından və canından keçən igidlərimiz çox oldu. Onların hər biri qəhrəmandır – Şəhid olub qəlblərdə yaşayanlar da, qazi olub yaralı canlarıyla yenidən ayaqda dimdik, başıuca duranlar da! Sumqayıtda yaşayan qazimiz Turan Hüsən oğlu Hüseynov kimi...
Turan Hüseynov 1994-cü il fevralın 2-də Sumqayıtda doğulub. Təhsilini Sumqayıtın 3 nömrəli məktəbində alıb. 3 il peşə məktəbini oxuduqdan sonra 2013-cü ildə özündən 2 yaş böyük qardaşı Əli Hüseynovla birlikdə hərbi xidmətə yollanıb. Ailədə 3 qardaş bir bacıdırlar. Qazi Turan evin kiçiyi olmaqla yanaşı, həm də subaydı. O, müharibəyə yollandığı ilk günü belə xatırlayır:“Mühafizə xidmətində işləyirəm. Sentyabrın 21-i səhər idi, gecə növbəsindən çıxmışdım. Hərbi komissarlıqdan zəng edib dedilər ki, təlimlər var, iştirak etməlisən. Məndən başqa çağırışçılar da var idi və bizi Qusara apardılar, təlimlər keçdik. Hərbi xidmətdə manqa komandiri olmuşam, vəzifəm sanitar atıcı idi. Sentyabr 27-ndə isə bütün hərbçilərlə birlikdə briqada şəklində Qusardan çıxdıq. Əvvəlcə Ağcabədiyə getdik və gözlədik. Döyüşlərə isə müharibə başalayandan 2 gün sonra, Füzuli istiqamətindən qatıldıq.
Oktyabr 27-də Xankəndi istiqamətində gedən döyüşlərdə yaralandım. Şuşa tərəfdə “Qırmızı bazar” adlanan yerdə dağdan meşə tərəfə keçməli idik. Günorta saatları idi, meşə istiqamətində hücuma keçəndə vuruldum. Mənimlə birlikdə 4 döyüş yoldaşımı da vurdular. Yaralanlarla yanaşı, şəhid olan zabit yoldaşlarımız da var idi. Hamımız birlikdə gözlədik, çünki yardıma gələn maşınları atəşə tuturdular. Daha sonra yaralı vəziyyətdə kəndə doğru aşağı düşdük. Artıq axşama doğru idi, ilkin yardım ediləndən sonra maşına minib Cəbrayıla getdik. Sonra Daşkəsənə, ordan da Füzuliyə apardılar. Mən yaralanandan bir neçə gün sonra döyüş yoldaşım zəng edib dedi ki, artıq həmin ərazi işğaldan azad edilib”.
- Hardan və necə yaralanmısınız?
- Döyüşdüyümüz ərazidə səhv etmirəmsə, su kanalı var idi, döyüş yoldaşlarımızla birlikdə arxa-arxaya düzülmüşdük. Kiçik bir məsafəni qaça-qaça keçməli idik, çünki bizi görüb snayperlə vururdular. Əyilib bir müddət gözlədik, elə həmin vaxt əvvəl döyüş yoldaşım, daha sonra da mən snayperlə vuruldum. Əvvəlcə elə bildim, güllə qolumda qalıb. Rentgendən çıxandan sonra məlum oldu ki, qolumda güllə qalmayıb, dəyib digər tərəfdən çıxıb. Çox qan itirmişdim. Yaralandan təxminən 3-4 saat sonra hər birimizə ilkin yardım edildi.
26 yaşlı qazi yaralandığı müddətə qədər 1 ay döyüş meydanında olub. Hər şeyi dəqiq tarixiylə xatırlamasa da, müharibə vaxtı Azərbaycan Ordusunun yumruqtək bir olduğunu fəxrlə qeyd etdi:
“Düşmən hər cəhətdən bizdən zəif idi. Biz sadəcə artilleriya və minyamotdan ehtiyat edirdik. Çünki gəlib düşəcəyi yeri, istiqaməti bilmək olmur. Elə ən çox uşaqlar da minyamotdan, qəlpə yarasından yaralanırdı.
Amma bizdə birlik var idi. Düzdü, hər birimiz ayrı-ayrı yerlərdən gəlmişdik, bir-birimizi tanımırdıq, amma 3-4 gün ərzində yoldaş deyil, qardaş olmuşduq. Mən bu döyüşlər zamanı o istiliyi gördüm. Düzdü, bizim bölükdən yaralanlar oldu, amma şəhidimiz olmadı. Uşaqlar arasında böyük ruh yüksəkliyi var idi. Bir şeyi ağlımıza qoymuşduq ki, irəli getməliyik, arxada bizə sahib çıxan ailəmiz, qardaşlarımız, hər kimsə olacaq. Döyüşə gedərkən məqsədimiz ölmək deyildi, öldürmək idi. Amma unutmurduq ki, müharibəyə gəlmisənsə, şəhid də ola bilərsən. Bizə şəhid olmaq qismət olmadı!
Bizə verilən digər tapşırıqlarla müqayisədə ən çox Füzulidə qaldıq. Sizə dəqiq tarix deyə bilməyəcəm, çünki həmin müddəti nədənsə xatırlamıram. Daha sonra Xocavənd və Xankəndinə getdik. Arxamız dağ kimi meşəlik yer idi. Biz düşməni görmürdük, çünki meşənin içini seçə bilmirdik, amma onlar bizi daha rahat görürdülər.
Ən çətin döyüşlər Füzuli istiqamətində gedən döyüşlərdə olub. Açığı biz Füzulini gedib alan bölmə olmamışıq. Bizdən qat-qat əməyi çox olan bölmələr də var idi. Biz ora döyüşməyə, şəhid olmağa getmişik, yaralanıb geri qayıtmışıqsa, mən çox şey danışa bilmərəm.
Mən döyüşə yollanda da söylədim ki, çox şükür bu şərəfli mübarizədə iştirak etmək mənə də qismət oldu. Mən atamın oğluyam. Atam da Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə heç bir qorxumuz yox idi, xüsusən də mən döyüşərkən şəhid olmaq istəyirdim. Çünki onları öldürə-öldürə şəhidlik zirvəsinə ucalmağı özümə arzu edirdim, ən azından atamın intiqamını aldım. Atamın yarımçıq qalan missiyasını mən tamamladım”.
- Bir az atanız Hüseyov Hüsən Əliş oğlundan danışaq, tanımayanlar tanısın...
- Atam Beyləqanda evlənib və Sumqayıta gələrək burda oxuyub, işləyib. Amma nəslimiz Füzulidəndi. Mən dünyaya gəldiyim ildə atam hərbi biletini götürərək birinci Qarabağ müharibəsinə yollanıb. Onunla döyüşdə olan dostlarının danışdıqlarına görə Füzulidə gedən güclü döyüşlər zamanı atam ermənilərin komandirlərini vurur. Yaralı döyüş yoldaşlarını ərazidən çıxartmaq istəyəndə ermənilər üzərlərinə gəlib və atam ağır yaralanır. Atamın bütün bədəni qəlpə yarası idi. Çox ağır yaralandığı üçün huşunu itirir və ermənilərə əsir düşür. Ağdama aparanda Qızıl Aypara Cəmiyyəti atamı tapır və elə həmin gün ermənilərin əlindən alır. Ona görə də atam ermənilərin işgəncəsinə məruz qalmaqdan xilas olur. Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə onu Ağdamda 2 dəfə ürəyindən əməliyyat edirlər və 3 ay girovluqda qalır. Daha sonra Azərbaycandakı erməni girovlarla dəyişdirilir. Yaraları o qədər ağır olmuşdu ki, əsirlikdən qayıtdıqdan sonra aylarla xəstəxanada yatdı. Hətta girovluqda olarkən burda bir çox ailələrin ölmüş bildiyi 15 nəfərə yaxın şəxslərin adlarını xatırlayaraq onların azad edilməsinə kömək olub. O, ağır yaralarla ancaq müalicə altında 2007-ci ilə qədər yaşaya bildi.
- Döyüşlərdən xatirələrinizdə unutmayacağınız nələr qaldı?
- O döyüşlərdə xatirəmdə qalan bizim birliyimiz idi. Orda “mən”, “sən” deyə bir şey yox idi. Ancaq bir idik. Tapdığımız tikəni də bir bölürdük, suyu da... istiqamətimiz də bir olurdu, hər addımımız da bir olurdu. Sözün əsl mənasında, birliyimiz güclü idi. Zabit qarışıq, bütün əsgərlərlə birlikdə hamımız qardaş idik. Təəssüfləndiyim odur ki, şəhid olmaq üçün getmişdik, amma nəsib olmadı. Çünki torpağı almaq üçün nəyisə qurban verməlisən.
Firuzə Alimova
QAZİLƏR.AZ