Baharda doğulub, sonbaharda şəhid olan Zeynalı

Baharda doğulub, sonbaharda şəhid olan Zeynalı backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş Zeynalı Dursunovdan yazıb

Qaziler.az bildirir ki, MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zeynalı Dursunovun valideynləri ilə görüşüb və şəhid ailələrimizin qarşısında baş əyirik deyib. MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın qəhrəman şəhidimiz Zeynalı Dursunovla bağlı yazısını təqdim edirik.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş Zeynalı Dursunovun atası, Saatlı rayon sakini Əlləz Dursunovla görüşüb. Şəhid atasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində Tarixi Zəfəri münasibəti ilə təbrik edən Komitə sədri, "Vətən Müharibəsində parlaq qələbəmiz münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailələrisiz" deyib.
Şəhid atası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona Tarixi Zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış, xüsusi hazırlanmış saat təqdim edib.

Komitə sədrinin şəhid Zeynalı Dursunov haqqında yazısını oxucularla bölüşürük:

Zeynalı Əlləz oğlu Dursunov –
16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir.
Zeynalı 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinifinə qəbul olunub, 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib.

2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub.

Zeynalı 04 iyul 2017-ci ildən 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda çalışıb; 2020-ci ilin sentyabr ayında könüllü olaraq, yenidən ordu sıralarına qatılıb. – Azərbaycan Böyük Vətən Müharibəsində şərəflə iştirak edən Zeynalı, 15 oktyabr 2020-ci ildə, Füzuli ərazisindəki döyüşlərdə şəhid olub.
Bugünlərdə şəhidimizin atası ilə görüşdük, ətraflı söhbət etdik, dərdləşdik, uğurlaşdıq. Görüşdə Axıska türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) başqanı İsmayıl Rəhimov, ATVİB bölgə təmsilçiləri, şəhidimizin müəllimi də iştirak edirdi. Çox mütəssir oldum. Axıskalı qardaşlarımız Azərbaycanımıza canı-qanı, ruhu ilə bağlıdır. Vəfalıdır Axıskalı qardaşlarımız. Onlardan istər Birinci, istərsə, İkinci Qarabağ Müharibəsində qəhrəmanlıqla döyüşən, şəhid olanlar, Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı adı alanlar, orden-medalla təltif olunanlar var; hər birinin xatirəsi də, yadigarları, ailəsi də əzizdir.

Şəhid Zeynalı Dursunovun oxuduğu məktəb I Qarabağ Müharibəsinin qəhrəmanlarından Adil Çaxoyevin adını daşıyır. Hər ikisinin ruhu şad olsun!
Vətəncanlılıq yaşayır, davam edir, nəsildən-nəsilə ötürülür...

Zeynalı adının birbaşa və hərflər üzrə anlamını arasanız belə izahlar çıxar qarşınıza: süs/süslü, oxumağı sevən, sıxıntılardan qurtulmaq üçün mübarizə aparan, keçmiş üzüntüləri unutmayan, sağduyulu, enerjili, sənət bacarıqlarına malik olan... Nə təvafüqdür ki bu izahların hər biri, Şəhidimizi yaxından tanıyanların dedikləri ilə bu və ya digər dərəcədə üst-üstə düşür. – Zeynalı öz adını hərfbəhərf doğruldan oğul olub!
VƏTƏN SAĞ OLSUN!
Diaspora