Qazi: “Göz-gözə gəldiyim hər erməninin son gördüyü adam olurdum...”

Qazi: “Göz-gözə gəldiyim hər erməninin son gördüyü adam olurdum...” backend

İkinci Qarabağ savaşının iştirakçısı, qazi Əhədov Nicat Əbruc oğlu ilə müsahibə...

Nicat 31.01.1999-cu ildə Lənkəran şəhərində anadan olub. 2016-cı ilə AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin Pirotexniki vasitələrin texnologiyası ixtisasına qəbul olub, 2020-ci ildə də həmin ixtisası bitirərək hərbi xidmətə yollanıb. Xidmətinin 3-cü ayında isə Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq qazi olub.

- Nicat, döyüşlər necə keçdi? Öz döyüş yolun ürəyincə oldumu?

- Döyüş yolu mənim üçün çox çətin və məsuliyyətli, eyni zamanda da şərəfli bir yol idi. Düzdü, ilk dəfə bu cür bir stiuasiya ilə qarşılaşan bir insana görə bu işin çətinlikləri qarşımda durmuşdu, amma 30 illik həsrəti düşündükcə, xalqımızın həmrəy olub orduya inandığını və arxasında durduğunu gördükcə, bu çətinlik gözümdə heç oldu və mübarizəmi ürəyimcə yerinə yetirə bildim.

- Ayağından yaralanmısan...

- Bəli. Minamyot atəşinə məruz qalmışam və hər iki ayağımdan ümumilikdə 7 qəlpə yarası almışam. Bud sümüyüm sınıb, ayağımın hərəkət fəaliyyətini itirmişəm...

- Bəs, bərpa olunacaqmı? Həkimlər nə deyir?

- Sümüyüm, hə. 6-7 aya bərpa olacaq. Amma zədə alan sinirlərim özü də bərpa ola bilər, əməliyyatla sinir də köçürülə bilər. Əsas yeriməyimdi, o da Allahın izni ilə düzələcək. Amma həkimlərin dediyinə görə, axsaq qalmaq ehtimalım çoxdur...

- Nicat, heç peşimanlıq hissi varmı buna görə? Ayaqlarına baxıb deyirsənmi kaş olmayaydı, birtəhər sovuşa biləydim, indi də belə olmazdım? Hər halda insanıq, içindən keçə bilər. Axı, can şirin şeydi...

- Mən açıq ərazidə yaralanmışam. Peşimanlıq hissi belə var ki, kaş, əlimdə imkan var ikən özümü daha güvənli bir yerə sığındıraydım. Amma illərdi ibadət edən kəs olduğuma görə bilirəm ki, axan hər damla qanımın Allah qatında necə dəyəri var. Ayağımın vətən uğrunda şəhid olan qardaşlarımın qisası üçün, illər öncə Xocalıda çarəsiz qalan ana-bacılarımızın naminə bu hala gəldiyini bildiyimə görə, zərrə də peşiman deyiləm. Bir də olsa, yenə gedərəm.

- Necə oldu ki, açıq ərazidə yaralandın? Döyüş gedirdi, ya sakitlik idi, qəfil oldu hər şey?

- Döyüş gedirdi. Biz düşməni silah ilə püskürdüb, geri çəkilməyə məcbur etdik. Daha sonra isə hücuma keçdik. Silahını, postunu qoyub qaçan düşmən sonradan artilleriya zərbələri endirməyə başladı və biz Suqovuşan ərazisində vurulduq.

- Biz deyəndə neçə nəfər? Səninlə birlikdə başqa yaralananlar da oldu?

- Bəli. Ümumi tabor ilə hərəkət edirdik. 200 nəfərə yaxın şəxsi heyətlə birgə. Mənimlə bir yerdə 15-20 nəfər yaralı oldu orda. 10-15 nəfər də komandir və əsgər yoldaşlarımdan şəhid olanlar oldu...

- Yaralanandan sonra vəziyyətin necə oldu? Özündə idinmi? Görürdün hər şeyi? Şəhid olan yoldaşlarını...

- Yaralanandan sonra əvvəlcə təxmini 10 saniyəni xatırlamıram. Birdən gözlərimi açdım ki, vurulduğum yerdən 5-6 metr kənara atılmışam. Raketin təsirinə görə.

- Özünü toparlayanda nə hiss keçirdin? Həm özünə baxmaq, həm də ətrafdakılar...

- Gözümü açanda ətrafım oyunlarda, kinolarda gördüyüm bir səhnəyə bürünmüşdü. Hər yer toz duman, alovlar, qışqırıq səsləri. Yaralanmayan yoldaşlarımız gizlənəcək bir yerə tapmağa çalışırdılar. Yaxınlaşıb, mənə də, gəl səni də aparaq, dedilər. Qalxmaq istədim amma qalxa bilmədim. O vaxta kimi yaramdan xəbərim yox idi. Ayağıma baxanda ayağımın buddan sındığını və əyilib yanımda qaldığını gördüm.

- Gözünü açan kimi ilk nə gördün?!

- Yoldaşlarımı görürdüm elə. Dediklərim. Əvvəlcə yanımda şəhid olan Qarayev Anar yoldaşımı dəqiqələrcə yumruğlayıb özünə gətirməyə, ondan bir səs almağa çalışdım. Amma Anardan səs gəlmədi... O, artıq şəhid olmuşdu. Daha sonra özümü toparlayıb yaramı bağlamağa çalışdım. Anar sanitar əsgər idi. Çiynindəki çantanı çıxardıb, içindən tibbi ləvazimatları götürdüm. Əvvəlcə ayağımı jqutla bağladım. Daha sonra qan axan hissəyə tənzif qoyub qanaxmanı azaltmağa çalışdım. Sonra da yanımda yaralanmış iki əsgər yoldaşımın da yaralarını sarıyıb, ərazidə uzanıb kömək gözlədik.

- Bəs, necə təxliyə olundunuz? Döyüş bitəndən sonra?

- Döyüş dayanmırdı. Neytral ərazidə 6 saatdan çox yaralı qaldıq. Artıq axrıncı dəqiqələrimmiş kimi halsızlaşmışdım. Yağan yağış, itirdiyim qan, qeyri-ixtiyari olaraq bədənimi titrətməyə başlamışdı. Sonra suyumdan 2 qurtum içib, kəlimeyi-şəhadətimi deyib, ulduzlara baxırdım ki, birdən baş gizir Aqil Həmzəliyev və leytenant Kənan Rzayev gəldilər. Məni çətinliklə də olsa, xərəyə qoyaraq ərazidən çıxardılar. Düşmən raketləri səngimirdi. 2-3 km-ə yaxın getdiyimiz yolda ətrafımıza azı 10 minamyot düşdü. Amma komandirlərimin seçdiyi yol sığına-sığına irəliləməkləri, bizə sağ-salamat gedib mənzilə çatmağa kömək oldu.

- Hansı ərazidə idin onda?

- Tərtər rayonunun Suqovuşan ərazisində yaralanmışam...

- Bəs, ümumilikdə hansı ərazilərdə iştirak edibsən?

- Ümumilikdə Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Vəzifəm baş atıcı idi. Göz-gözə gəldiyim hər erməninin son gördüyü adam olurdum... Üz-üzə döyüşdə yaraladıqlarım da olmuşdu. Bir dəfə də 16 erməninin olduğu səngərə F1 əl qumbarası ataraq girmişdim. Səngərlərinə basqın edərək üçünü əsir alıb, qalanlarını öldürmüşdük.

- O üç nəfəri niyə öldürmədiniz, təslim oldular?

- Hə. Biz səngərə düşəndə müqavimət göstərmək istəyən yaralıları o dəqiqə cəldlik göstərib güllələdik. Müqavimət göstərməyə imkanı olmayan yaralıları da it kimi zingildiyərək bizim dilimizdə "kömək" və rus dilində "pojalusta, pomoqite" deyərək yardım istəyirdilər.

- Təslim olanları öldürmək istəyi olmadı içinizdə?

- Biz erməni deyilik. Təslim olan, çarəsiz qalanlara zülm etmirik. Həzrəti Peyğəmbərin məsləhətinə uyğun olaraq əsirlərə əzab vermirdik.

- Nicat, ümumiyyətlə, insan öldürmək necə hissdir? Yəni bu, müharibədə necə olur? Mülki həyatda bomba ataraq girib onlarla insan öldürmək vəhşilik qəbul olunur. Bəs, orda? Yəqin ki, öldürdüklərinizə baxıb sevinirdiniz də...

- Orada, bayaq da dediyim kimi, göz-gözə gəldiyimdə başımı qaldırıb o şərəfsizlərin mənim torpağımdan mənə güllə atdığını gördüyümdə və haqq mübarizəsində olduğumu bildiyimdən artıq heç nə düşünmürdüm. Sadəcə olaraq irəli getmək, içdiyim hərbi anda sadiq olmaq, canım və qanım bahasına da olsa, illərdi verdiyimiz şəhidlərin, illər öncə didərgin düşmüş körpəli qadınlarımızın intiqamını almaq idi düşündüyüm. Əlbəttə, hər şərəfsizi - ordumuza silah tuşlayan bir düşməni yox etdikcə sevinir, daha da möhkəm iradə və əzm ilə silahıma sarılırdım.

- Nicat, mülki həyatda həm də 2-3 adam öldürdükdə ömürlük həbs cəzası düşür. Bunun bir səbəbi də insan psixologiyasının pozulmasıdır. Yəni, adam öldürmək onun üçün adiləşir artıq. Maraqlıdır, içində başqa hisslər varmı? Nə vaxtsa qatil ola biləcəyini düşünə bilirsən? Bir insan öldürdüyünü düşünüb içində təəccüblənirsəmmi? Yoxsa doğrudur deyilənlər, adiləşir?

- Əslində həyat da müharibə kimidir. Bəzən elə anlar olur, ya sən, ya qarşındakı... Öldürməsən öləcəksən. Özümə və heç kəsə belə bir şeyi arzulamaram, amma nə vaxtsa təhlükə hiss eləsəm, yenə birinci davranan tərəf olaram. Soyuqqanlı olmaq hər səfərində yaxşıdır. Müharibədə artıq gördüklərimizdən, etdiklərimizdən asılı olaraq bu hal adiləşir. Mülki həyatda çətindir, amma imkansız deyil.

- Yəni, bütün olanlar sənin psixologiyana pis təsir etməyib? Ayaqların xaricində hər şey olduğu kimidir, yaxşıdır, eləmi?

- Təsir edib, əlbəttə ki. Bəzən səbəbsiz yerə kövrəlirəm. Bəzən əsəbiləşməyəcəyim bir işə həddən artıq reaksiya göstərirəm. Ya da çox cüzi bir səsi çox yüksəkmiş kimi eşidirəm. Yatmağa çətinlik çəkir, yuxuda diksinirəm. Amma bunların bir müddət olacağını, zamanla hər şeyin qaydaya düşəcəyinə inanıram. Özüm istədiyimdə, Allahın da izni ilə özümü sakitləşdirməyi bacarıram.

- Nicat, dedin, ibadət əhlisən. Yəqin ki, dualar edirdin bu günlər üçün. Şükür, qəbul oldu. Tezliklə sənə sağlam, ayaq üstə azadlığı uğrunda döyüşdüyün o torpaqlara getməyi arzu edirik. Hələlik isə, əlin, ayağın bizlər ola bilərik. Sizlər üçün nə etsək azdır, nə desək azdır. Hər şey üçün sağ olun...

- Hə. İbadət əhliyəm. Ümumiyyətlə, sadəcə Qarabağımız deyil, illərlə itirdiyimiz, bölünən torpağlarımız və zəbt olunan İslam torpaqları hər zaman dualarımda olub. Şükür ki, yaralı yerimiz, Qarabağımız qayıtdı. Amma bu qayıdış dalğalanan şanlı bayrağımız, bu tarix şəhidlərimizin qanı ilə yazıldı. Hər bir şəhid qardaşımın ailəsinə bir ömür xidmətçi olmaq, elə mənim boynumun borcudur. İnşallah, var olsunlar ki, tanışlar, bilişlər və bir çox tanımadığım kəslər gün ərzində gəlir, gedir və hər hansısa bir yolla xidmətimdə durmağa çalışırlar. Allah hər birindən razı olsun. Mən etdiklərimizə görə təşəkkür alarkən bir az qəribə oluram. Mənə elə gəlir ki, biz xüsusi nəsə etməmişik. Bu bir vəzifə idi, Allah bizlərə qismət etdi və biz də üstümüzə düşən borcumuzu yerinə yetirdik. Kim olsa edərdi... Bu, sadəcə əsgərin gücü deyil, xalqdan ilhamlanan başqa bir dayaq var idi. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün Azərbaycan xalqını təbrik edir və hər zaman bu cür həmrəy olmağı, bir yumruq olub düşmənlərin başına zərbə endirməyi arzu edirəm. Siz sağ olun, var olun...

Qaynarinfo.az
Diaspora