Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Əliyar Əliyevin doğum günüdür.
Qızı Pərvanə Əliyeva Modern.az saytına müsahibəsində atası ilə bağlı xatirələrindən danışıb.- Pərvanə xanım, bu gün atanızın doğum günüdür. Hər il bu günü necə qeyd edirsiniz?
- Bəli, bu gün atamın doğum günüdür. Həm doğum gününü - 14 dekabrı, həm də anım günü - 3 oktyabrı biz ailə daxilində qeyd edirik. İllər öncə hamı atamın rəhmətə getdiyi gün - 3 oktyabrda bizim evə yığışdırlar. 10-12 il sonra - 3 oktyabrda atamın anası rəhmətə getdi. Ondan sonra bütün qohumlar həmin günü əmimgilə yığışmağa başladılar. O vaxta qədər hər ölüm günündə bizə yığışırdılar. Doğum günündə bilən, eşidən yaxınlarımız gəlib yad edirdilər. Zamanla unudulur, heç nə əvvəlki kimi olmur. Biz ailə daxilində hər il harda olmağımızdan asılı olmayaraq həmin günü mütləq gəlib evə çıxırıq ki, ola bilsin ki, kimsə qapımızı döyər. Bu il oktyabrın 3-də heç tanımadığımız insanlar gəlmişdilər. Həmin insanların evi atamın abidəsinin yaxınlıqında imiş. Onlar gəldilər atamın xatirələrindən danışdıq, yad etdik. Atamı çox sevdiklərini, onun qəhrəmanlığı haqqında eşitdiklərini bildirdilər.
Atam həmişə anama deyərdi ki, sənin doğum günün zəfər günü kimi qeyd edəcəm. Anamın doğum günü 13 oktyabr günüdür. Onun planı o idi ki, Laçına götürüb bayraq sancacaqlar və həmin günü zəfər günü kimi qeyd edəcək. İllər sonra bu zəfər bayramı sanki öz doğum gününə qismət oldu. Bu il o biri illərə baxanda daha sevincli və qürurluyuq. Sevincimizi ifadə edə bilmirik. Elə qismət oldu ki, Zəfər bayramı öz doğum gününə təsadüf etdi. Şəhidlərimizə görə çox üzgünük, lakin zəfərə görə isə çox sevincliyik. O bu zəfəri çox istəyirdi. Azərbaycanı tam bütöv görmək onun ən böyük arzusu idi.
- Qardaşınızın döyüş bölgəsində olduğunu eşitdik. O atanızın məzarını ziyarət edə bilibmi?
- Böyük qardaşım Emin Əliyev illərdir hərbi müstəntiq kimi çalışır. Lakin buna baxmayaraq döyüş bölgələrində, səngərlərdə də olub. Sadəcə səhhətinə görə özü tərxis olunub. Orduda qulluq etmək çətin olduğuna görə tərxis olunmağına baxmayaraq, sentyabrda müharibə başlayan kimi könüllü ərizə verib, cəbhəyə yollandı. Yenidən zabit kimi müharibədə iştirak edib. O, Lələtəpə uğrunda gedən döyüşlərdə də iştirak edib. Qubadlı alınanda ilk sualım ona o oldu ki, atanın qəbrini tapmısanmı? Qəbri tapdığını, videolarla, şəkillər çəkib, oraya bayraq sancdığını söylədi. Evimizin yerini də tapıb. Lakin evdən əsər-əlamət qalmayıb.
- Atanızın qəbrini nə vaxt ziyarət etməyi düşünürsüz?
- Qubadlı alınan gün ilk sözümüz o oldu ki, oraya nə vaxt gedə bilərik, icazə olacaqmı? Oralar hələ minadan tam təmizlənmədiyinə görə təhlükəsizlik baxımından getməyə icazə verilmir. Bu gün əslinə qalsa qəbiristanlığa getmək fikrimiz var idi. Karantin şəraitinə görə qaldıq. İnşallah, yanvarın 18-dən sonra bizə icazə versələr, getməyi düşünürük. İllər sonra atamızın qəbrini ziyarət etmək ən böyük arzumuzdur. Əlimizə düşən ilk fürsətdə gedəcəyik.