Vətən uğrunda canından keçən igidlərimizdən biri də 24 yaşlı Nurlandır.
Axar.az xəbər verir ki, Nurlan Rəhim oğlu Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.2015-ci ildə həmin kənddə orta məktəbi bitirərək, Azərbaycan Texniki Universitetinin Radio-texnologiyaları fakültəsinə daxil olub. Ali məktəbi uğurla bitirdikdən sonra o, hərbi xidmətə yollanıb.
“Müharibəyə yollanarkən, hərbi xidmətdən 80 gün idi gəlmişdi. İlk gündən Vətən müharibəsinə qoşulub. Oğlum Füzuli şəhərinin alınmasında böyük fədakarlıq göstərib. Xatırlayıram, Füzuli azad olunan gün Nurlan mənə zəng elədi və “ana, Füzuli dayını azad elədik” deyərək güldü. İndiyə kimi qulağımdadır həmin səs. O qədər sevincli idi ki...” - deyə şəhidimizin anası Çiçək xanım danışıb.
Füzulidən sonra Nurlan üçün növbəti döyüş meydanı Qubadlı olur. O, Qubadlının bir sıra kəndləri, eləcə də Qubadlı şəhərinin alınmasında xüsusilə fərqlənir.
Nurlan oktaybrın 25-dən 26-na keçən gecə baş verən partlayış nəticəsində şəhid olur.
Xidmət yoldaşı həmin döyüş gününü bu cür təsvir edib:
“Qubadlı uğrunda döyüşlərin şiddətləndiyi bir gün idi. Döyüş zamanı Nurlanla yanaşı idik. Dedim, gəl, bir müddət müdafiə olunaq, güllədən qorunmaq üçün əyilmək lazımdır. Nurlan sözümə baxmadı. “Qardaşlarımız yaralı vəziyyətdə güllə altında olarkən mən burada tək özümü müdafiə edə bilmərəm” dedi və özünü atdı qabağa. Elə həmin an orada partlayış baş verdi və Nurlan şəhid oldu”.
Tələbə yoldaşı danışır ki, Nurlan nə qədər şən biri olsa da, sanki gözlərində bir nigaranlıq, qəm var idi:
“Çox vaxt dərsdən çıxıb Şəhidlər Xiyabanına gedərdik. Nurlan həmişə şəhidlərin həyatları, döyüş meydanında hansı igidlikləri göstərmələri barədə düşünürdü. Sanki onların sıralarına qatılacağını əvvəlcədən hiss etmişdi”.
Qeyd edək ki, Nurlanın atası Rəhim Əhmədov da müharibə başlayan ilk gündən əsgərlərimizə yardım edənlərdən biri olub. O, dəfələrlə öz hesabına yardımlar edib, əsgərlərimizin daşınmasında təmənnasız xidmət göstərib, onları lazımı əşya və qidalarla təmin edib.
Şəhidimiz oktyabrın 27-də Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Ailənin ilk övladı olan Nurlanın 2 bacısı və bir qardaşı var.
Allah rəhmət eləsin!