Ermənistanın ödəməli olduğu təzminatın 50 milyard dollar həcmində göstərilməsi həqiqəti əks etdirmir.
30 ilə yaxın müddətdə Ermənistanın vurduğu zərərin bir trilyonu ötəcəyi halda niyə təzminat məbləğinin 50 milyard dollar həcmində olması haqqında fikirlər tez-tez səsləndirilir.Bunu Azvision.az -a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, söhbət bu trilyonluq zərərin bütünlüklə təzminata aid edilməsindən getmir. Təzminatın ayrıca hesablanma mexanizmi var. Amma yenə də bu məbləğ 50 milyard dollardan dəfələrlə böyük olmalıdır.
“Gəlin, təzminatın tərkib strukturunda yer ala biləcək istiqamətləri xatırlayaq: 30 il müddətində istismar etdikləri torpaqlarımıza və yeraltı sərvətlərimizə görə təzminat, dağılmış infrastruktura görə təzminat, 27 senyabrda başlamış müharibə xərclərimizə və itkilərimizə görə təzminat, fərdi şəxslərin iddialarına görə təzminat, ekoloji terrora görə təzminat və s. Bu siyahını uzatmaq olar. Təkcə infrastrukturun bərpası üçün ilkin qiymətləndirilmələrdə 50 milyard dollara yaxın vəsait tələb olunursa, ümumi təzminat üçün bu qədər məbləğ səsləndirilməməlidir. Təzminat və infrasturkturun bərpa xərcləri konqruyent ola bilməz. Təəssüf ki, bəzən rəsmi şəxslərimizin də bu məbləğin 50 milyard olaraq vurğulaması sonrakı qiymətləndirmələrdə və beynəlxalq məhkəmələrə müraciətlər zamanı bizə problem yarada bilər. Təsəvvür edin, bir müddət əvvəl hətta Ermənistanın sabiq prokuroru belə Ermənistanın 50 milyard təzminat ödəməli olduğu barədə açıqlama vermişdir. “Ermənistan müflis durumdadır”, “Verməyə pulu yoxdur” və s kimi səbəblərə görə real təzminat məbləğindən yayınmamalıyıq. Onun bu təzminatı ödəmək qabiliyyətinin olub- olmaması sonrakı məsələdir. Bu gün biz sübut edə biləcəyimiz maksimal təzminat hesabatı hazırlayıb, beynəlxalq səviyyədə təsdiqinə nail olmalıyıq. Onsuz da, beynəlxalq təcrübə göstərir ki, təzminat məsələsində zərərçəkmiş tərəfin iddia etdiyi məbləğ beynəlxalq məhkəmədə bütünlüklə təsdiqini tapmır. Bəzən 50%, bəzən isə daha az məbləğ təsdiq edilir. Buna görə də biz real faktlara söykənərək, sübut edə biləcəyimiz maksimal məbləğin iddiasını irəli sürməliyik”.
Təzminatın ödənilmə məsələsinə gəldikdə isə, ekspert əlavə edib ki, Ermənistan sivilizasiyanın sonuna qədər bizimlə qonşu ölkə olaraq qalacaq:
“Əgər bu gün ödəniş qabilliyyətini itirmiş bir ölkədirsə, o zaman bunun qarşılığında digər konpensasiya üsulları yaranacaq. Məsələn, gələcəkdə respublikamızın karbohidriogen ehtiyatlarının beynəlxaq bazarlara çıxarılması zamanı Ermənistandan tranzit ölkə kimi istifadə ediləcəyimiz şübhəsizdir. Çünki, Türkiyə vasitəsilə dünyaya çıxış, Gürcüstanla müqayisədə Ermənistan xətti ilə daha əlverişlidir. İstər neft-qaz boru kəmərləri, istər dəmir yolu daşımaçılığına görə Ermənistan tranzit ölkə kimi Azərbaycandan milyonlar qazanacaq. Zamanı gələndə bu vəsaitlər təzminatın bərabər məbləğ hissəsinə uyğun kompensasiya edilə bilər. Bu yarım əsrdən çox güzəştli (və ya tam qarşılıqsız) tranzit ölkə kimi istifadə etmək potensialı yaradacaq. Təzminatın diğər ödəniş vasitəsi kimi torpaqlar çıxış edə bilər. Ötən əsrin əvvələrində ərazilərimizin Ermənistana verilməsi tarixi fakt olsa da, müasir dünyada tarixi faktların real gücü olmur. Buna görə də həmin ərazilərin geri qaytarılması popilist çıxışlarla, hətta müharibə ilə həll olunacaq məsələ deyil. Amma təzminat məsələsi gələcəkdə bu mövzuya yenidən qayıtmaq üçün son dərəcə əlverişli imkan yaradır. Ölkələrin pul qarşılığında torpaqlarını satması təcrübəsi də planet üçün yad deyil. Bu təcrübə dünyanın iki nəhəngi arasında belə baş vermişdi. 1867-ci ildə 1.5 milyon kv.km-dən son ərazisi olan Alyaska Rusiya höküməti tərəfindən Amerikaya cəmi 7.2 milyon dollara satılmışdı. Çünki Rusiya boşalmış xəzinəsini doldurmaq üçün bu addımı atmağa məcbur olmuşdu. İndiki pulla bu yüz milyonlara bərabər bir məbləğ idi. Aydın məsələdir ki, hazırda münaqişə tərəfləri və şərtlər başqadır, lakin ortada oxşar bir mənzərə var. Bu boş qalmış xəzinə probleminə uyğun davranmaqdır. Odur ki, bu gün təzminatın beynəlxalq məhkəmələrdə təsdiqinə nail olmaq üçün hökümət maksimum səy göstərməlidir. Ola bilər ki, bu məbləği 100 milyardlar həcmində qəbul etdirə bilmədik. Hətta 50 milyardlıq bir təzminat məbləği təsdiqlənsə belə, bu böyük avantaj deməkdir. Bu məbləğ Arazın sol sahilində Zəngilanla Ordubadı birləşdirən 25 km enində bir ərazinin qarşılıq olaraq verilməsi üçün kifayətdir. Bu təxminən 950-1000 kv km sahə deməkdir. Eyni zamanda qeyd etməliyəm ki, bu məbləğ həmin torpaq səhəsinin normativ və ya bazar qiymətinə uyğun hesablanmış bir göstəricisi deyil. Bu məbləğə normativ qiymətləndirmələr əsasında Ermənistanda 100 dəfə çox ərazi satın almaq olar. Sadəcə, iki ölkə münasibətlərində siyasi şərtlər daha önəmli rol oynadığından iqtisadi kriteriya arxa planda qalır. Düzdür, hazırda geosiyasi vəziyyət elədir ki, Ermənistan bunu istəsə belə digər “steyholder” ölkələr buna imkan verməzlər. Amma geosiyasi vəziyyətin bu gün belə olması, o demək deyil ki, bu tarazılıq əbədi qalacaq. 4-5 ay əvvəl kimsə düşünə bilərdi ki, Azərbaycan öz torpaqlarını müharibə ilə azad edərkən Rusiya və İran susmaqla buna “xeyir-dua” verəcək. Geosiyasi maraqlar heç vaxt statistik qalmır, orada daim hansısa dinamika baş verir. Buna görə də biz hazırkı yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycana ödənilməli olan təzminat məbləğinin beynəlxalq hüququn prinsiplərinə uyğun maksimal təsdiqinə nail olmalıyıq. Hətta ödəmək gücündə olmasa və torpaqla ödəniş etməkdən də imtina etsə belə, bu təzminat ən azı Ermənistanın növbəti iddiaları qarşısında böyük sədd olacaq".