Minsk Qrupu yenə gəlir, amma niyə?

Minsk Qrupu yenə gəlir, amma niyə? backend

Fransanın məlum mövqeyindən sonra Minsk Qrupu hansı üzlə vasitəçi kimi qalır?

ATƏT-in Minsk Qrupu yenə bölgəyə gəlir. Üçlük Cənubi Qafqaza səfər etməyi planlaşdırır. Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ara Ayvazyan belə söyləyib. Onun sözlərinə görə, həmsədrlər Qarabağ münaqişəsinin yekun həlli ilə bağlı müzakirələr aparacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, əvvəlcədən həmsədrlər Rusiya və ABŞ olub: “Fransa daha gec - sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”. İkinci bir tərəfdən, Azərbaycan Prezidenti deyib ki, Dağlıq Qarabağ adlı münaqişə artıq mövcud deyil və kim belə düşünürsə, səhv edir.

Ona görə də ortaya sual çıxır ki, Fransanın məlum mövqeyindən sonra Minsk Qrupu hansı üzlə vasitəçi kimi qalır? Azərbaycan nə etməlidir?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, əvvəla, Minsk Qrupuna artıq ehtiyac qalmayıb. Bu formatın görəcəyi bir iş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq olmadığını bəyan edib. Bu o deməkdir ki, Minsk Qrupunun fəaliyyət sahəsi qapanıb: “Bu format məhz Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək üçün yaradılmışdı. Lakin Minsk Qrupu on illər mənasız işlərlə məşğul oldu, ədalətli vasitəçilik missiyasını həyata keçirə bilmədi, işğalçı ilə işğala məruz qalana eyni parametrlərlə yanaşdı. Hətta Minsk Qrupu həmsədrləri, xüsusilə Fransa açıq-aşkar Ermənistanı müdafiə edib çox vaxt. Son zamanlar isə birmənalı şəkildə müdafiə edir və hətta separatçı qondarma qurumu Fransa senatı tanımaq barədə qətnamə qəbul edib. Bütün bunlardan sonra xüsusilə Fransa hansı əsasla, hansı üzlə yenə vasitəçilik etmək istəyir? Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etmək hüququ var ki, Minsk Qrupuna ehtiyac görmür. Ən azından Fransanı qəbul etməyəcəyini Azərbaycan bəyan etməlidir. Əgər Minsk Qrupu qalırsa, ən azından heç olmasa Fransanın yerinə Türkiyənin gəlməsində təkid edilə bilər. Fransanın Minsk Qrupu həmsədri olmasının artıq heç bir məntiqi, hüquqi əsası qalmayıb. Bu dövlət separatçı qondarma erməni qurumunu açıq müdafə edir. Minsk Qrupu hansısa müzakirələrdə iştirak etmək istəyirsə, o halda Fransa mütləq bu formatdan getməlidir. Son 10 gündə Azərbaycan bu ölkəyə iki nota veribsə, onların bu formatda qalması mümkün deyil.

Onlar gəlib Bakıda nəyi müzakirə edəcəklər, əgər “Dağlıq Qarabağ konflikti” anlayışı artıq yoxdursa. Azərbaycan işğal olunmuş ərazilərini azad edib və demək olar Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Azərbaycan Prezidenti İlham Əliyev həm 1 dekabrda, həm də 3 dekabrda BMT Baş Assambleyasının sessiyasında çıxışında konkret bıyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmuşdur. Münaqişəni Azərbaycan özü həll edib, Minsk Qrupunun görməli olduğu işi də Azərbaycan həyata keçirib. Ona görə də artıq Minsk Qrupunun, o cümlədən onun üçlü həmsədrlərinin görəcəyi iş yoxdur. ATƏT-Minsk Qrupunun həmsədrləri daim münaqişənin hərbi həllinə qarşı çıxaraq status-kvonun qorunub saxlanılmasına çalışıb. Azərbaycan bütövlükdə bu məsələni həll edib. Bəzi problemlər var ki, o da Azərbaycanın daxili məsələsidir və Ermənistanla yoluna qoyacaq. Digər tərəfdən, diqqətçəkən məqamlardan biri Rusiyanın da Fransanın həmsədrliyinə qarşı olan mövqe ortaya qoymasıdır. Sergey Lavrovun verdiyi açıqlama bu qənaətə gəlməyə əsas verir ki, Moskva da artıq Fransanın kənarlaşmasında maraqlıdır".

Politoloq onu da dedi ki, Ermənistan Minsk Qrupunun, xüsusilə üçlü həmsədrliyin qalmasılnda, prosesdə iştirakında maraqlıdır. Əsasən də Fransanın iştirakında çox maraqlıdır. Azərbaycan tərəfi bu məqamı da da nəzərə alıb ermənilərin maraqlarının həyata keçməsinə imkan yaratmamalıdır.

“Yeni Müsavat”
Diaspora