İşğaldan azad olunan Şuşa şəhərindəki məşhur 4 nömrəli orta məktəbin videosu yayılıb. Videonu müəllifinin kimliyi dəqiq bilinməsə də, hərbçimizin məktəbin içərisindəki hərəkət trayektoriyası burada oxuduğuna şübhə yeri qoymur.
İşğaladək şuşalı Hüsü Hacıyevin(Azərbaycan SSR-nin ədliyyə komissarı, baş prokuroru olub, 1931-ci ildə Ağdaş rayonunda öldürülüb) adını daşıyan 4 nömrəli şəhər məktəbi 1966-cı ildə yaradılıb. Bu məktəb ciddi nizam-intizamı, təhsilin keyfiyyəti ilə fərqlənib. Xüsusilə, İkinci Dünya müharibəsinin iştirakçısı olan veteran müəllimənin bura rərbərlik etdiyi dövr şuşalıların yaxşı yaddaşında qalıb. Çünki həmin illər bura 4 nömrəlidən daha çox “Xavər müəllimənin məktəbi” kimi tanınıb. Məktəbdəki ciddi intizam, dərslərin çox tələbkar səviyyədə keçirilməsi səbəbindən bəzi valideynlər hətta uşaqlarını o dövrdə başqa təhsil müəssisəsinə köçürmək məcburiyyətində qalıblar.Şuşadakı məşhur Alban kilsəsinin yaxınlığında yerləşən məktəb işğaldan sonra ermənilərin məktəbi kimi fəaliyyət göstərib. Videodan görünür ki, ermənilər məktəbin içərisində heç bir xüsusi dəyişiklik etməyiblər.
Məlumat üçün deyək ki, Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəbi 1874-cü ildə Şuşada yaradılıb. Məzmununa görə qəza məktəblərini xeyli geridə qoymuş Şuşa şəhər məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsm, rəsmxətt, nəğmə, gimnastika və s. tədris edilirdi.
Şəhər məktəbində təhsil pullu idi. Lakin buna baxmayaraq, şəhər məktəbində şagirdlərin sayı ilbəil artırdı. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
1880-cı ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəsli yetişməsində rolu əhəmiyyətli və danılmazdır.
Əsrin sonlarına doğru təhsilin keyfiyyəti şəhər ictimaiyyətini razı salmadığından onların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli realnı məktəbin əsası qoyuldu. XX əsrin 20-ci illərindən sonra isə məktəb özünün əsl çiçəklənmə dövrünə qədəm qoymuşdu.
Belə ki, Şuşa şəhər məktəbi 1927/1928-ci dərs ilindən yeddiillik məktəbə çevrildi. 1937-1938-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrildi. 1939-1940-cı tədris ilində məktəbin orta təhsilli ilk buraxılışı olmuşdu.1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı.