19 yaşlı Əliağa Məmmədov Vətən müharibəsində adını tarixə yazan qəhrəmanlarındandır.
O, özünü ölümə ataraq komandiri Cəmşid Ağayevin həyatını xilas edib.Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Tərtər rayonu N saylı hərbi hissənin bölük komandiri Cəmşid Ağayev özü məlumat verib.
C. Ağayevin sözlərinə görə, hərbi xidmətə Maştağa qəsəbəsindən çağırılan Əliağa Məmmədov təxminən 1 ilə yaxın onun rəhbərlik etdiyi bölükdə əsgər olub. Müharibə başlanan gündən bir yerdə ön cəbhədə xidmət ediblər.
Komandir deyir ki, hücuma keçən zaman evin tək oğullarını arxa cəbhədə, yaralılara xidmət üçün saxlayıb. Əliağa isə evin tək övladı olmasına baxmayaraq, özbaşına döyüşə girib:
“Oktyabrın 6-da hazırlaşırdıq, hücuma keçməli idik. Bölüyü düzdüm, evin tək oğullarını ayırdım, çünki bilirdim ki, itkimiz ola bilər. Onları döyüşə aparmadım. Hücum xəttinə qədər 1 kilometrə yaxın məsafə var idi. Ağdərə istiqamətində, Çiləbird ərazisində döyüş başladı. Həm bizdən, həm də düşmən tərəfdən itkilər oldu. Düşmən minomyotla atırdı, mən məcbur olub şəxsi heyəti oradan sağa və sola uzaqlaşdırdım. Bundan sonra özüm də uzaqlaşacaqdım. Gördüm ki, Əliağa oradadır. Soruşdum ki, burada nə gəzirsən?! Dedi komandir kömək eləməyə gəlmişəm, orada qala bilmədim”.
C. Ağayevin sözlərinə görə, həmin vaxt Əliağa şəhid olan bir hərbçi yoldaşını döyüş meydanından çıxarmağa çalışıb. Komandiri onun xəbərsiz gəlməsindən təəccüblənsə də, cəld əyilib və əsgərinə şəhidi ərazidən çıxarmağa yardım edib.
“Üstümdə kaska, bronjilet, rabitə var idi, ağır idi. Təxminən 10-15 metr gedəndən sonra yoruldum və oturdum. Ərazi çox səs-küylü idi, hər tərəfdən güllə səsləri gəlirdi, xeyli yaralı və şəhid var idi. Belə vaxtda minomyot atılmasını eşidə bilmirsən, yalnız yaxına gələndə səsindən anlamaq olur. Mənim də üstümə gələn minomyotdan xəbərim olmayıb. Bir də onu gördüm ki, Əliağa “komandir!”deyib üstümə atıldı. Görünür, məni qucaqlayaraq qorumaq istəyirdi. Lakin sağ ayağıma ilişdi, arxası üstə üstümə düşdü. 1-2 saniyə ərzində minomyot partladı, ayağımı hiss eləmədim. Bir də gördüm, boğazıma qan axır. Onda başa düşdüm ki, başından yaralanıb. Özümü itirmədim, sürünə-sürünə, onu da çəkə-çəkə səngərə gətirdim. Əlimi bərk-bərk sıxmışdı...”
C. Ağayev belə epizodları indiyə qədər yalnlz filmlərdə izlədiyini deyir:
“Əliağa çox sakit, tərbiyəli oğul idi. O bədənində nə boyda ürək daşıyıbmış. Biz belə şeyləri kinolarda görərdik... Qəlpə boğazının şah damarını kəsmişdi, çoxlu qan itirmişdi. Biz onun həyatını qurtara bilmədik. Mənim çox şəhidim olub, amma komandir kimi bu, mənə çox pis təsir elədi. Hələ də özümə yer tapa bilmirəm. Evinə xəbər göndərdim ki, bundan sonra sizin oğlunuz həm də mənəm”.