Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Anar Hüseynovdan yazdı.
Anar Hüseyn oğlu Hüseynov – 08 noyabr 1982-ci ildə Tovuz rayonunun sərhəd kəndi olan Əlibəylidə doğulub.1-ci sinifə Əlibəyli kənd tam orta məktəbində gedib; 1999-cu ildə Milli Qəhrəman Qasım Rzayev adına Hacalı kənd tam orta məktəbini bitirib. 2000-ci il oktyabrın 12-də həqiqi hərbi xidmətə gedən Anar, Sərhəd Qoşunlarında xidmət edib. O, 05 aprel 2012-ci ildə xidmətini layiqincə başa vurub və çavuş rütbəsi ilə evlərinə dönüb. Həqiqi hərbi xidmətdən bir müddət sonra müddətdən artıq xidmət edən Anar, hərbi xidmətdə bir çox uğurlar qazanıb. 28 noyabr 2015-ci ildə isə “N” saylı hərbi hissənin komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub.
Anar 2016-cı il aprel döyüşlərinin fəal iştirakçısı olub. O, 2020-ci ildəki hərbi təlimlərdə tankda baş sürücü-mexanik kimi iştirak edib.
Azərbaycan Böyük Vətən Müharibəsinə qatılan Anar şəhadətini də döyüşlərin ilk günü, Füzuli istiqamətində içib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə böyük arzu və əzmkarlıqla atılan Anar, daha uzun müddət döyüşlərdə iştirak etmək arzusuna çatmasa da, öz hərbçi ləyaqətini, vətənpərvərliyini, fədakarlığını şəhidlik mərtəbəsi ilə təsdiq etdi. Şəhidimiz Əlibəyli kənd qəbirstanlığında dəfn olunub.
Həyat yoldaşı ilə danışanda deyərmiş ki, məndən narahat olmayın.
Deyərmiş, “istəyim odur ki tankımı ən öndə sürüb, düşmənə sağalmaz zərbələr vurmaqdır”.
Anarın qardaşı Tahir 1-ci Qarabağ müharibəsi veteranıdır.
Bir oğlu, bir qızı yadigar qalıb Anarın. Oğlu Nurlan hazırda 7-ci sinifdə oxuyur. Nurlan idmanın sərbəst güləş növü ilə məşğul olur; rayon və zona yarışlarına qatılıb, bir çox diplomlara layiq görülüb. Qızı Nuray 6-cı sinifdə oxuyur. Nuray Tovuz Milli Rəqs Məktəbinin tələbəsi olan zaman “Təşəkkürnamə”lər alıb. Şəhidimiz uşaqları ilə danışanda həmişə yaxşı oxumağı tövsiyyə edərmiş. Bu qısa bilgilərdən də göründüyü kimi, Nurlan və Nuray atalarının – nur içində yatan cənnətməkan şəhidimiz Anar Hüseynovun adına layiq böyüyürlər. Onların hər uğuru atalarının ruhunu şad edəcək. Atalarının adı isə daim onların qürur mənbəyidir.
Adın həmişə anılacaq, əziz Anar!
Şəhidlər ölməz, Vətən bölünməz!
Vətənimizin bayrağı həmişə uca olsun!
Şəhid ruhuna əbədi ehtiram!