Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Vahid Qurbanovdan yazdı.
Vahid Elşad oğlu Qurbanov –2001-ci ilin birinci ayının 27-də Tovuz rayonun Əyyublu kəndində doğulub. 9-cu sinfədək Əyyublu kənd, Eyvaz Bayramov adına tam orta məktəbdə, 10-11-ci sinifləri isə Gəncə şəhər, K.D.Uşinski adına 29 saylı tam orta məktəbdə oxuyub. Məktəbin ictimai işlərində fəal iştirak edib, müəllimlərin, məktəb yoldaşlarının sevimlisi olub.
Məktəb illərində idmana da böyük maraq göatərib; daha çox əlbəyaxa döyüş növləri ilə məşğul olub.
2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə gedib.
Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən döyüşlərə atılıb Vahid Elşad oğlu Qurbanov. – Döyüşüb ki adını doğrultsun! O, öz canını torpaqlarımızın işğaldan azad edilib vahid bayraq altında birləşməsi, elin şad olması üçün qurban edib!
Füzuli, Xocavənd, özəlliklə, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhidimizin. Şəhidlik mərtəbəsinə Xocavənd uğrunda gedən döyüşlərdə ucalıb Vahid. Vahid hərbi xidmət zamanı həmişə fəal olub, komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirib.
İki bacının tək qardaşı idi Vahid. 30 oktyabrda axırıncı dəfə anası və bacılarıyla danışıb. Deyib: “Ana, özündən muğayət ol! Hər şey yaxşı olacaq! Məndən narahat olma”.
Bacılarına deyib: “Anama yaxşı baxın, onu fikirləşməyə qoymayın”.
Noyabrın 2-də ailəyə xəbər çatıb ki, “Vahid 30 oktyabrda Xocavənd döyüşlərində qəhrəmancasına şəhid oldu. Başınız sağ olsun”! Dərin sükutdan və evin tək oğlunun əbədi itkisinin verdiyi ağır kədərdən sonra... “Vətən sağ olsun!” deyib Şəhidin babası! Bir ailə oğul itirdi, bir ölkə qazandı! Bir oğul hələ 19 yaşındaykən ailəsinin, nəslinin başını əbədi uca etdi!
Azərbaycan Böyük Vətən Müharibəsində Əyyublu kəndinin ilk şəhididir Vahid! Vahid Əyyublu kənd qəbristanlığında torpağa tapşırılıb. Torpağımız şəhid məzarları ilə daha da əzizləşir, daha da doğmalaşır. Bu torpaqları Vətən edən əcdadın ruhu şaddır!
DÖVLƏTİMİZ, VƏTƏNİMİZ, XALQIMIZ VAR OLSUN!