Sahibsizlik dərdi

Sahibsizlik dərdi backend

Uzun ayrılıqdan sonra yurduna qayıtmağın hissi tam başqadır.

Onun ifadəsini susmaq, baxışlar söyləyəcək.

Bu gün o torpaqlar, dağlar, daşlar bizdən çox sevinir. Düşmənin ayaq izləri altında yaşamaq, nəfəs almaq, anlaşılmayan kobud dilin səsini eşitmək, hirsininin əzabına tab gətirmək...
Torpağın zülmü ağır olur. Biz torpaqsızlıq dərdini çəkdik, torpaqsa sahibsizlik dərdini.

İnsan sevdiyinə qovuşanda daha məğrur, daha sevincli olur.
Vətən sən ona qədəm basanda vətən olur.

İnsan bəzən ən çox sevinəndə və kədərlənəndə dinmir, susur, lal olur. Biz bu gün sevincin lalıyıq. Danışan ancaq baxışlardı, sevinc göz yaşlarıdı.
Biri-birimizi bağrımıza basmaqla təbrikimizi çatdırırıq. Təzə açılan bənövşə əl dəyəndə qorxan kimi, üzümüzə təzə qonmuş təbəssümü xoş baxış da utandırır. Sevinc göz yaşları “Gözümüz aydın olsun!”, deyir.
Həsrətinə qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur.

Sənsiz yaşamağın acısını, həsrətini, sənsizliyin necə iztirablı, ağrılı olduğunu gördük. Sanki bu 27 ili boşluqda yaşadıq. Nə gecəmiz gecə oldu, nə gündüzümüz gündüz. Bu günü gözlədik.
Sənə qovuşmaq həyatımın ən gözəl anı, ən sevincli günüdür. Sevgiyə qovuşmaq ayrı hissdir.
İlk sevgini unutmaq olmur. Sən ilk addım atdığım, yeridiyim, yüyürdüyüm, yıxılıb durduğum, ilk söz dediyim doğma məkansan. Məni mən edənsən. Varlığımsan. Adını adımla qoşa çəkmək mənim ən böyük titulumdur.
Yoxluğunla gülüşüm, duruşum yox oldu. İndi-indi özümə gəlirəm. Ruhum özünə qayıdan kimi.
Artıq başımızı dik tutacağıq. Çünki sən varsan.

Mən səninlə bütövəm, səninlə tamam. Sənsiz keçən illəri yarımçıq yaşadım.
Var ol, məni özümə qaytaran torpaq, məni yaşadan məkan, məni mən edən yer.
İndi hamının yanında qürurluyam.
Artıq məğlub məmləkətin vətəndaşı deyiləm.
Torpağıma, yurduma daha uzaqdan həsrətlə baxmıram.
Daha sənə addım atmaq üçün illəri gözləmirəm.

Vətən, yurd nisgili ilə həyatdan köçənlərin ruhu şaddı. Onlar bizdən tez duydular, tez sevindilər. O yerdə dəfn olunan əzizlərimizin ruhuyla qol-boyun olan ölkənin hər yerinə səpələnmiş qəbiristanlıqlarında basdırılmış doğmalarımızın ruhu bizi qarşılayacaq. Bir də minlərlə Qarabağ Qazilərinin o yerlərdə basdırılan əzalarının sevinc səsi.

Qoyub gəldiyimiz torpaqlar onlara düşmənə tapdalatdığımız üçün ilk anda bizi bağışlamayacaq. Addım izlərimizin, köksümüzün istiliyi onları özlərinə qaytaracaq. Sonra “Sən gəldin” deyib, bizi bağışlayacaq. Mərmilərdən dərələnmiş torpaq düzlənəcək. Qurumuş ağaclar yarpaqlayacaq. Rəngi dəyişən güllər artıq payız ətri yox, bahar ətri verəcək.

Düşmən qisasını kimsəsiz qalan yerin daşından, torpağından aldı.
Erməninin xislətini bildiyimizdən evlərimiz üçün heyfslənmirik. Bizimçün vacib olan torpaqdır. Bizim qurub yaratmaq problemimiz yoxdur. Əsas yurda qayıtmaqdı. Daha gözəlini quracağıq. İçində xoş xatirələr yaşadacaq günlər keçirəcəyik. Təbii ki, hər birimizin yaddaşında özüylə gəzdirdiyi xatirələr də olacaq. Amma keçmişlə yaşamaq olmaz. İnkişaf etmək istəyirsənsə, irəliyə baxmalısan.

Sən yenə Qarabağın iqtisadi, siyasi, mədəni mərkəzi olacaqsan. Daha da böyüyəcəksən, inkişaf edəcəksən. Gözəlləşəcəksən.
Əvvəllər olduğu kimi, yenə də gələn qonaqları gözəlliyinlə təəccübləndirəcəksən.

Yurd məni maqnit kimi özünə çəkir.

Mən səninlə xoşbəxtəm, səninlə varam, Ağdam!

P.S. Ağdama, kəndimizə çatanda torpağı bağrıma basıb, məni bağışla deyəcəm. Sonra öpəcəm.
Diaspora