ADI KİMİ VÜQARLI...

ADI KİMİ VÜQARLI... backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Vüqar Əkbərovdan yazdı.

Tovuz rayonu Yuxarı Öysüzlü kəndindən Şəhid Vüqar Seyid oğlu Əkbərov haqqında danışmaq istəyirəm sizlərə.

1990-cı il, avqustun 12-də doğulub Vüqar. Həqiqi hərbi xidmətə 2008-ci ilin oktyabr ayında gedib. 2010-cu ilin mart ayında həqiqi hərbi xidmətdən qayıdıb və bir də, 2012-ci ildə - müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq Daxili Qoşunlarda fəaliyyətə başlayıb. Bərdə, Qəbələ və Sumqayıtda xidmətdə olub, qumbaraatan kimi də, Xüsusi təyinatlı kimi də, xidmətdə, təlimdə, məşqdə və yarışda fərqlənib.
Bəli, bütün şüurlu yaşamı boyu adını doğruldan vüqarlı Vüqar, Daxili Qoşunların (DQ) Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib. Azərbaycan Böyük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılıb, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə kəşfiyyat qrupunda fədakarlıqla iştirak edib.
Adı kimi ömür sürmüş Vüqar hələ Füzuli istiqamətində gedən döyüşlər zamanı başından yaralanıb; kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Baxmayaraq ki, xeyli müddət müalicə alması, zəruri tibbi prosedurlar keçməsi gərəkdi, lakin Vüqar öz israrlı istəyi ilə, müalicəsi tamam olmadan, təkrar döyüşlərə dönüb...
Vüqarın öz atası ilə son dialoqunu eitdim, həm qürur duydum, həm kədər qarışıq düşüncələrə daldım. Ustad Mehmet Akif Ərsoyun “Bir hilal uğruna, ya Rəbb, nə Günəşlər batır” misrasını xatırladım.
Ata deyir:
- Oğul, yaralısan, tam sağal, sonra gedərsən...
- Ata, mən getməliyəm, uşaqlar hamısı döyüşdədi, burda qalammaram, yolumu kəsmə, qadan alaram...
Vətən üçün yarandım, Vətən üçün şəhid olsam, haqqını halal elə...
“Haqqını halal elə”! – Sanki daha öncələr bu qədər təfərinc olmamışdım halallıq istəyinə. Əsgərlərimizin, demək olar, hamısı haqqında eşidirik ki, ailəsindən, doğmalarından halallıq istəyirlər. Oysa, biz onlardan “Haqqınızı halal edin” istəyində bulunmalıyıq. Onların haqq-sayı unudulmazdır. Bizim haqqımız varsa, əsgərlərimizin min dəfə halalıdır, zatən. Deyirəm, qəhrəmanlıq, Vətənə xidmət amalı necə bir qüdsiyyətdir ki, özündə sadəliyi, borcluluq hissini, İlahi gözəlliyi bəsləyir…
Şəhidlik öncəsi keçidikləri hisslərindən igidlərimizin sanki bayram öncəsini yaşa­yırmış kimi bir ovqata, hiss-həyəcana sahib olduğunu görürük. – Ustad Yəhya Kamal Bəyatlı necə deyirdi? – “…axınlarda cocuqlar kimi şəndik”!..
Və döyüşlərin Şuşa mərhələsi! Şuşa uğrunda döyüşlərdə şəhid olmaq! – Nə gözəl aiqbətdi, İlahi! İlahi, sən ən çox sevdiklərinə qismət elədin bu aiqbəti. Onların sırasında bizim Vüqar da var.
Azərbaycan Xüsusi Təyinatlılarının Şuşanı azad etmə əmliyyatı hərb tarixinin qızıl səhifəsidir. Şuşanın azadlığını görənlərin özü, görməyənlərin ruhu şaddır! Vüqar kimi!
Öz qorxmazlığı, igidliyi ilə seçilən Vüqar noyabrın 7-də şəhadət şərbəti içib.
Kəndinin adı Yuxarı Öysüzlü olan Vüqarın adı neçə evdə çəkilir indi, neçə könül evində əbədi yeri var Vüqarın. İşğal altındakı ev-eşiklərimizi, kəndlərimizi, şəhər­lərimizi azad etməkçün döyüşlərə atılan Yuxarı Öysüzlü balası, ən yuxarı ad olan Şəhid adını qazanıb, bütöv Azərbaycanın oğlu oldu.
“Ey, bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı dəyər”… (Mehmet Akif Ərsoy)
Diaspora