Gözün aydın, Ağdamlı Azərbaycan!- Qənirə Paşayevanın yazısı

Gözün aydın, Ağdamlı Azərbaycan!- Qənirə Paşayevanın yazısı backend

Ağdamımızın işğalına son qoyuldu! Bu tarixi hadisə münasibəti ilə ən böyük təbriklərimiz və təşəkkürlərimiz Şanlı Ordumuza, Ordumuzun Müzəffər Ali Baş Komandanınadır!

Ölkə başçısının Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Xalqa Müraciətində vurğuladığı kimi, Ağdam üçün yeni dövr başlayır.

"...Ağdamın işğaldan azad edilməsi Şanlı Hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib.

O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Ağdam! Gözəl Ağdam! Qarabağın Ağdamı! Azərbaycanın Ağdamı! Qürurlu Ağdam! Ağüzlü Ağdam!

Ağdamda bir neçə dəfə olmuşam. Sonuncu dəfə işğaldan bir neçə ay öncə Ağdam şəhərində olmuşdum. Ağdamla bağlı özünəməxsus xatirələrim var. Çox inanıram ki tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. O qaynar həyatın içində mədəniyyət müəssisələrinin öz ziyarətçilərini qəbul edəcəyi günü həyəcanla gözləyirik. O sırada, tarixi-mədəni abidələrin, bütün mədəniyyət obyektlərinin bərpa olunacağına inamımız sabitdir.

Ağdamlı həmvətənlərimiz artıq məcburi köçkün deyil! Bu, doğrudan tarixi hadisədir! Gözümüz bir daha aydın olsun!

Bəli, tarix Azərbaycanı, Azərbaycanın dövlət başçısını haqlı çıxardı. Ermənistan-Azərbaycan elanolunamış müharibəsinin, torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın təqsiri üzündən siyasi-diplomatik yolla mümkün olmadı, məhz hərbi-siyasi yol öz müsbət nəticəsini verdi. Baxmayaraq ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə məhz siyasi-diplomatik yolla həll variantı üçün nə mümkündürsə, onu etdi. Bütün dünya aydın şəkildə gördü ki, məhz işğalçı Ermənistanın hüquqtanımaz mövqeyinə görə bu həll mümkün olmadı. Beləliklə, Azərbaycan Dəmir Yumruğu öz tarixi missiyasını yerinə yetirmiş oldu. Bununla BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsi yerinə yetirilmiş oldu.

BMT-nin 29 iyul 1993-cü il tarixli 853 saylı Qətnaməsi bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. (Bu Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi). Yəni öz ərazimizi azad etmək bizim tam qanuni haqqımızdı – bu, beynəlxalq hüquqla da belədir, tarixi əsaslarla da, mənəvi faktura ilə də...

Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ağdamın işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir.

Respublikamızın Ağdamı hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması dünyada örnəyi o qədərdə çox rastlanmayan nadir hadisələrdəndir.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi (o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı). İlkin hesablamalara görə, işğal rayona ən azı 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Təsəvvür edin: Ermənistan Respublikasının 2020-ci il dövlət büdcəsinin xərcləri 3,8 milyard dollara yaxındır. Əgər təkcə Ağdama vurduqları ziyan qarşılığında (indiki büdcəsi ilə) Ermənistan ən azı 4 ilə yaxın yeməyib-içməyib “yaşamalı”dır. Ermənistan doğrudan-doğruya başından böyük işlərə girişib və tarixi məğlubiyyət bu uğursuz dövlətin nə qədər səbatsız, acınacaqlı durumda olduğunu aydın göstərir. Cənab Prezidentin dediyi kimi, “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. – Ermənistanda Ermənistanlılıq qalmayacağı dəfələrlə vurğulanıb, biz də bir neçə dəfə bu mövzuya toxunmuşuq və tarixin məntiqi, dövlətlər, xalqlararası münasibətlərin fəlsəfəsi Ermənistan üçün yaxşı bir gələcək görünmədiyini diktə etməkdədir...

Ağdam şəhəri, işğal illərində xəyalət şəhərinə çevrilib, ruhlar şəhərinə dönüşdürülüb... Ağdamın işğalda olmayan Quzanlı qəsəbəsində isə qaynar həyat, gül-gülüstanlıq, inkişaf göz oxşayır. Ağdam rayonunun mərkəzi funksiyasını yerinə yetirən Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılıb, infrastruktur layihələri icra olunub, möhtəşəm Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilib.

***

Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var(dı). İşğalçı rejim II Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb.

Düşmən Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparıb. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilib; Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV yüzilə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII yüzilə aid gümbəz və məscid, İmarət deyilən yerdəki XVIII yüzilə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan başqa, Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşiliklər, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan da bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasıdır.

Əlbəttə, dövlətimiz erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsi ümumi işin xeyrinə olar.

Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Şahmar Əkbərzadə, Famil Mehdi, Əhməd Ağdamski, Qurban Primov, Sara Qədimova, Qədir Rüstəmov, Arif Babayev, Mənsum İbrahimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş edib.

Heç şübhə etmirik ki, Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, digər əməli fəaliyyət sahələrinin gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.

Dövlət başçımızın Xalqa Müraciətində də vurğulandığı kimi, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.

Ağdam azaddır!

Gözün aydın, Azərbaycan!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Diaspora