“Elvinin uşaqlıqdan hərbiyə marağı vardı, idmanla məşğul olurdu Qardaşımın biri hərbçi olduğu üçün o da hərbiyə həvəs göstərirdi. Elvin 3 oğlumun ortancılıdır. Ondan böyük və balaca qardaşları yüksək bal toplayıb ali məktəbə daxil olsa da, Elvin oxumurdu. Özünü ancaq hərbidə görmək istəyirdi”.
Bunu Azvision.az -a şəhid Elvin Abdurahmanovun atası Əbülfəz Abdurahmanov deyib. Qəbələnin Əmirvan kəndindən olan 24 yaşlı şəhid gizir E.Abdurahmanovun ölümündən əvvəl çəkdiyi video sosial şəbəkələrdə geniş yayılıb.“Oğlum orta məktəbi bitirəndən sonra Sərhəd Qoşunları Akademiyasına sənəd verdi, lakin qəbul ola bilmədi. Naxçıvanda kəşfiyyat qrupunda əsgərlikdə olub. Əsgərlikdən gəldikdən sonra bir-iki ay başqa sahədə çalışdı. Sonra hərbçi olmaq istədiyini dedi. Sənədlərini verdi, əvvəl 6 ay Təlim Tədris Mərkəzində gizirlik kursu keçdi, sonra Qusara təyinat aldı. Bir-iki ay orada xidmət etdi. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrə keçdi. 2 il idi ki, orada xidmət edirdi. İldə 1-2 dəfə məzuniyyət veriləndə evə gəlirdi”.
Ə.Abdurahmanov bildirib ki, Elvin həmişə ruh yüksəkliyi ilə torpaqların tezliklə azad olunacağını, hər şeyin yaxşı olacağını deyirdi: “Məzuniyyət vaxtı evə gələndə həmişə anasından, nənəsindən uzaq gəzirdi. Səbəbini soruşanda deyirdi ki, onsuzluğa öyrəşsinlər. Əks hücum əməliyyatları başlayan günü - sentyabrın 27-i səhər tezdən zəng etdi. Mən də heyvana ot verirdim. 8-in yarısı zəng gəldi. Dedi ki, “ata, Bismillah eləmişik, bəs müharibə başladı. Xeyir dua ver, hər şey yaxşı olacaq”. Ondan sonra sentyabrın 29-da zəng etdi, onunla saat 12-nin yarısı danışdıq. Anasına deyirdi ki, “birdən məndən ötrü ağlayarsan. Ağlama”.
Digər xidmət yoldaşları kimi Elvin də Vətəni düşmən tapdağından azad etmək üçün döyüş meydanında şücaət göstərib.
Şəhid atası daha sonra bildirib: "Oktyabrın 1-i onun ad günü idi. Səhərdən axşama qədər zəng etdim, amma danışa bilmədim. Oktyabrın 2-də şəhid xəbəri gəldi. Hərbçi yoldaşlarının dediyinə görə, mühüm tapşırığı yerinə yetirərkən Elvin və bir neçə hərbçi yaralanıb. Onlar verilən tapşırığı yerinə yetirib, xeyli erməni əsgərini məhv edib, onların postunu da götürüblər. Elvin yaralı halda döyüş meydanında qalıb, arxadan kömək gələndə artıq onun şəhid olduğunu görüblər. Elvin öz videosunu çəkəndə yeni yeri azad etmişdilər. Səhərisi gün başqa yüksəklik uğrunda döyüşlərdə şəhid olub”.
Övladının Vətənin azadlığı uğrunda canını fəda etdiyini deyən Ə.Abdurahmanov deyib ki, şəhidlərimizin heç birinin qanı yerdə qalmayıb: "Oğlum nişanlı idi, gələn il toy edəcəkdik. Şəhid olandan sonra telefonunu bizə verdilər. Qardaşlarına vəsiyyət edib ki, Vətən yolunda şəhid olsam, atama, anama yaxşı baxın, Vətənə layiqli övlad olun, nişanlı olduğum qızı isə öz bacınız kimi qəbul edin, onu da unutmayın”.