Qarabağ qaziləri cəbhə təəssüratlarını "Şərq"ə bölüşüb...
"Hazırda qazilərdən ibarət 2 batalyon cəbhədədir".Qarabağ qaziləri cəbhə bölgəsindən qayıdıb. Qazilər dünən “Şərq”in qonağı oldular. Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev, İdarə Heyətinin üzvü, ehtiyatda olan baş leytenant Fəzail Əsədov cəbhədəki vəziyyət, ordumuzun zəfər yürüşləri, şərəfli tarix yazan Azərbaycan əsgəri haqqında danışdılar.
Xatırladaq ki, QQİB Tovuz müharibəsi günlərində Müdafiə Nazirliyinə müraciət edərək “Qazilər batalyonu” formalaşdırmaq və ön cəbhədə döyüşlərdə iştirak etmək əzmlərini bildirmişdilər.
Azərbaycan Ordusu mənfur düşmənə qarşı sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başladıqda isə qazilər artıq cəbhəyə yola düşdülər. Yarımçıq qalmış döyüşlərini başa çatdırmaq üçün.
QQİB sədri Asəf Əliyev:
- Müdafiə Nazirliyinə müraciətimiz qəbul olundu, polkovnik Əzizağa Qənizadə bizimlə söhbət apardı, hansı işləri görə biləcəyimizi, hansı əməliyyatlarda iştirak edəcəyimizi birlikdə müzakirə etdik. 4 qrup yaradıldı. Qruplardan birinə polkovnik Ə.Qənizadə, 2-ci qrupa mən (Asəf Əliyev), 3-cü qrupa Mehdi Məmmədov (Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri), 4-cü qrupa Füzuli Rzaquliyev (Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri) rəhbər təyin olundu. Bizim qrupda İdarə Heyətinin üzvləri qazilər – Fəzail Əsədov, Ədalət Məhərrəmov (Milli Qəhrəman Fred Asifin qardaşı), Rey Kərimoğlu (kəşfiyyatçı), Rafiq Kərimov (kəşfiyyatçı), Sadiq Quliyev (QQİB Sabunçu rayon şəbəsinin sədri) idi. N saylı hərbi hissəyə yollandıq. Oktyabrın 2-dən 30-dək döyüşən ordu ilə, əsgərlərimizlə birgə idik, döyüş təcrübəmizi bölüşürdük, əsgərlərə döyüş zamanı lazım olacaq bilgiləri verirdik, müəyyən vərdişlər aşılamağa çalışırdıq. Döyüşdə əsas əsgərin psixoloji durumu, ruh yüksəkliyidi. O da bizim əsgərlərdə ən yüksək səviyyədədir. Bütün əsgərlər irəli, ön xəttə can atır.
Hərbi təlim keçənlər var, səbirsizlik edirlər, döyüşə getmək istəyirlər. Tutalım, tankçı qüvvəsinə ehtiyac var, tankçı olmayan deyir, “tankçıyam”, topçu olmayan deyir “topçuyam”, təki döyüşə girsin. Yaralanan hərbi hissəyə qayıdan əsgər yarası sağalmamış döyüşə atılmaq istəyir ki, əsgər dostlarım ordadı, onlarla bir sırada olmalıyam. Əsgər yaralandığına da sevinir. Bəlkə şəhidlik zirvəsi qismətim olmadı, qanım qoy Vətən torpağına qarışsın, deyir. Əsgərlərin gözündə şimşək çaxır. Elə əsgər var, orduya könüllü yazılıb və ailəli olduğunu, övladları olmasını gizlədib, təki onu cəbhəyə aparsınlar. Belə əsgərlərlə, belə orduyla qələbəmiz mütləqdir. Cənab Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!
A.Əliyev qeyd etdi ki, hazırda qazilərdən ibarət 2 batalyon cəbhədədi:
- Bilirsiniz ki, Baş qazimiz Etimad Əsədov adına “Qisasçı qazilər” batalyonu yaradılıb. Bir batalyonumuz hazırda Füzuli istiqamətində, digəri isə Ağdam istiqamətində döyüşür. 5 qazimiz yaralanıb, 1 qazi qardaşımız – Müşfiq Abbasov şəhid oldu. Qazi övladları arasında döyüşənlər, şəhid olanlar var. Birliyimizin üzvü, Mahir İbrahimovun qardaşı Zülfüqarın oğlu şəhid oldu (həmçinin Xalq artisti Mənsum İbrahimovun qardaşı oğludur - M.R.). Təsəvvür edin ki, dəfn mərasimində iştirak edirdik, biz şəhid ailəsinə təsəlli verməkdən, şəhidin atası bizə ürək-dirək verirdi ki, Vətən uğrunda oğullar şəhid olmalıdır. Oğul dünənədək mənim idi, indi bütün xalqın oğludu. Belə şəhid ataları, qürurlu şəhid anaları, qəhrəman, igid oğullar tərbiyə edən valideynlər qarşısında baş əyirik.
Fəzail Əsədov da şəhid balasının kişiyana duruşundan təsirləndiyini dedi:
- Dəfn mərasimində şəhidin övladlarını dizimin üstünə aldım. Kövrəlmişdim. Amma baxdım ki, bu uşaq necə möhkəm dayanıb. Oturuşunda, duruşunda vüqar vardı. Mənə baxıb soruşdu ki, “sən atamın dostusan?”, bilmədim o balaya nə cavab verim, atanın dostuyam, deyim, qardaşıyam, deyim… Sadəcə, o kiçik uşağın danışığına, davranışına, özünü tox tutmasına heyran qaldım. Bir də mən iki məsələyə toxunmaq istəyirəm. Birincisi, əsgərlərimizə, zabitlərə tövsiyə edirəm, xahiş edirəm, cəbhə bölgəsində, döyüş zonasında çəkiliş aparmasınlar, şəkil paylaşmasınlar. Düşmən görür, siqnalları tuta bilirlər, belə çəkilişlər indiki zamanda bizim əleyhimizədi. Təhlükəlidi. Telefonlardan, smartfonlardan ehtiyatla, yalnız zəruri halda istifadə etsinlər. İnşallah, qələbə çalaq, bütün Qarabağı işğaldan azad edək, sonra kim nə qədər istəyir paylaşım edər. İkinci məsələ isə, bank kreditləri ilə bağlıdı. Elə əsgərlərimiz, zabitlərimiz var ki, döyüş əməliyyatları başlamazdan çox əvvəl bankdan kredit götürüb, hazırda döyüş bölgəsində olduqları üçün kredit borclarını ödəyə bilmirlər. İndiki vəziyyətdə əsgərə “kreditin vaxtıdı, ödəmə etməlisiniz” söyləmək o əsgəri əsas məqsəddən yayındırmaqdı. Ön cəbhədə olan döyüşçü arxa cəbhədəki hansısa problemdən narahat olmamalıdı. Onların problemləri arxa cəbhədə həllini tapmalıdı. Bu saat hamı cəbhəyə can atır. Amma bilməliyik ki, arxa cəbhə ön cəbhədən heç də az önəmli deyil, ön cəbhə qədər əhəmiyyətlidir. Ön cəbhəyə getmək istəyənlər arxa cəbhədə əsgər ailələrinə dəstək olsunlar. Banklar da bir müddət korporativ maraqlarını arxa plana keçirsinlər.
A.Əliyev:
- Bilirik ki, hərbçilərimizə dəstək məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qərar qəbul ediblər ki, şəhid hərbçilərin, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşların banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər, digər ödəmələr tam silinsin. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə də faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılır. Banklar hərbi əməliyyatlarda iştirak edən əməkdaşlarına da müxtəlif güzəştlər və yardımlar edir. Lakin söhbət banklardan kredit götürmüş, lakin hazırda cəbhədə, döyüş bölgəsində olan əsgər və zabitlərdən gedir. Bu insanlara hansısa banklardan xəbərdarlıq gəlir ki, banka ödəmənin vaxtıdır, faizi ödəməlisiniz. Döyüş bölgəsində olan əsgərə belə bir xəbərdarlığın edilməsi sizcə, o əsgərə, zabitə necə təsir edər?! Qazilər Birliyinin Sabunçu rayon şöbəsinin sədri, hazırda döyüş bölgəsində olan Sadiq Quliyevə bankdan belə zəng gəlib. Biz xahiş edirik, bu məsələ ilə əlaqədar orqanlar məşğul olsunlar.
Qazilər bildirdi ki, ordumuz döyüş əzmindədir, hər bir əsgər şücaəti ilə qələbəmizi dəqiqə-dəqiqə, saatbasaat yaxınlaşdırır. Eşq olsun Ordumuza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!
Şərq.az