Məşhur generalın Qarabağda şəhid olan nəticəsi - FOTO

Məşhur generalın Qarabağda şəhid olan nəticəsi - FOTO backend

Vətən Müharibəsində şəhid olan qəhrəman əsgərlərimizdən biri Rüstəmov Rövşən Orxan oğludur.

O, Azərbaycan Milli Ordusunun yaradılmasında fəal iştirak etmiş məşhur sərkərdə, general-mayor Tərlan bəy Əliyarbəyovun nəticəsidir.
Generalın nəvəsi Aygün Əliyarbəyova Azvision.az-a açıqlamasında bildirib ki, şəhidimiz Tərlan bəy Əliyarbəyovun qızı Yavər xanımın nəvəsi olub.

“Yavər bibim Füzulidən olan Rüstəm bəylə ailə həyatı qurub. Rövşən bibim oğlu Orxanın iki övladından biri idi. O, iki il olardı ki, hərbi xidmətdən qayıtmışdı. İşlə əlaqədar anası ilə birgə Gəncədə yaşayırdı. Əslində yaşayış yeri Bakı idi. Döyüşlər başlayanda dərhal hərbi komissarlığa getmişdi. Tərtərdə döyüşlərin ən qızğın çağında vuruşurdu. Rövşən Tərtərin Talış kəndində şəhid oldu.

Əsgər yoldaşları neytral zonada yaralanıblar. Rövşən onlara kömək etmək üçün gedib. Bir əsgəri xilas edib, ikincini çıxaranda yaralanıb. Yarası ağır olmasa da, qanaxmadan həyatını itirib. Hər dəfə anası ilə telefonda danışanda onu aldadırmış ki, “ay ana, narahat olma, mən rabitəçiyəm. Döyüşlərdə iştirak etmirəm”. Bir gün əlaqə saxlamayıb, səhəri gün günorta şəhid xəbəri gəldi”.

Şəhidin bibisi Arzu Əliyarbəyova da qardaşı oğlundan danışıb: “İdmançı idi. Hər bir ana-ata belə övladla fəxr edərdi. Birinci dəfə Qazaxda əsgərlikdə olanda anasına təşəkkürnamə gəlmişdi ki, siz nə gözəl uşaq böyütmüsünüz. O, Tərlan bəyin nəticəsidir. Vətənpərvərlik hissi nəsildən nəsilə keçir. Ayağında problemi var idi. İdman vaxtı dizi zədələnmişdi. Ancaq deyirdi ki, döyüşə çağırıblarsa, mütləq getməliyəm. Nə çətinliklərlə gedib hərbi komissarlığa çıxmışdı.

Anasına zəng edəndə deyib ki, ermənini İrəvana kimi qovacağıq. Sonadək qovmayınca geri qayıtmayacağam. Onunla birlikdə komandiri, həkim briqadası da şəhid olub. Həmin döyüşdən bir neçə nəfər sağ çıxa bilib.

Bakıda istədiyi qiz var idi. Həmin qızın nömrəsini yazıb cibinə qoyubmuş ki, başına bir iş gəlsə, birinci ona zəng etsinlər, anasına qəfil ölüm xəbərini verməsinlər. Barmağına kiçik hərflərlə “ata” sözünü yazdırmışdı. Həmin qıza zəng edib deyiblər ki, sizin nömrəniz var cibində və barmağında da bu söz yazılıb. Qız Rövşənin şəhid olduğunu biləndən sonra onun müdirinə zəng edib. Müdir dayısı ilə birgə gedib nəşini gətirib. 22 yaşının tamamına çata bilmədi. Allah bütün şəhidlrimizə rəhmət eləsin!”.

Qeyd edək ki, Tərlan bəy Əliyarbəyov Birinci və ikinci dünya müharibələrində iştirak edib. O, 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailəsində anadan olub. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirib. 1927-1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb. General 1956-cı ildə Bakı şəhərində vəfat edib.
Diaspora