Müzəffər Milli Ordumuzun son 44 günlük savaşı sayəsində Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının böyük bir hissəsini azad etməsindən və Ermənistanın işğal altında qalan daha 3 rayonumuzun ərazisindən qəsbkar qoşunlarını çıxardacaqları barədə məlum üçtərəfli razılaşmaya imza atmasından sonra, eləcə də bölgəyə Rusiya sülhməramlı qoşununun yeridilməsindən sonra ictimaiyyətdə bir sıra əndişələr yaranıb.
Belə narahatlıqlardan biri də keçmiş “Dağlıq Qarabağ” adlanan ərazidə Milli Ordumuzun tam nəzarətində olmayan Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd ərazilərində Azərbaycan idarəçiliyinin necə qurulacağı ilə əlaqədardır.Qazilər.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında 1989-1991-ci illərdə isə Xankəndində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış istefada olan polis polkovniki Sadir Məmmədov bəzi məsələlərə aydınlıq gətirib.
“Əvvəla, inanmıram ki, innən belə ermənilər arasında “Dağlıq Qarabağ” adlanan əraziyə çox qayıdan olsun. Uzaqbaşı, Ermənistanda və ya xaricə köçüb orada yaşamaq imkanı olmayan az sayda erməni qayıdacaq.
İkincisi də, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda qalacaq ermənilərə heç bir status verilməyəcək. Odur ki, Xankəndidə də, Xocalıda da, Əsgəranda da, Ağdərə də, Xocavənddə də Bərdə, Kürdəmir, Ağdaş və s. rayonlar kimi Azərbaycan Respublikasının idarəçiliyi olacaq. Yəni buradakı polis də, təhlükəsizlik, icra strukturları da və s. öz müstəqil dövlətimiz tərəfindən qurulacaq.
Üçüncüsü də, Xankəndinin adının rəsmən dəyişdirilməyəcəyini, yəni elə “Stepanakert” qalacağını ehtimal edənlər savadsızdırlar. Çünki ən azı, onu düşünmək gərəkdir ki, “Stepanakert” 1918-ci ildə Azərbaycanın müsəlman, türk əhalisinə qarşı genosid həyata keçirmiş, yüz minlərlə soydaşımızın qətlinə bais olmuş Stepan Şaumyanın adı verilib.
Kimlərsə düşünürsə ki, Azərbaycan dövləti öz tabeçiliyində olan tarixi şəhərdə bir qaniçənin adının qalmasına razı olacaq - onlar savadsızdır”- deyə 1991-ci ildə Xankəndindini sonuncu tərk etmiş rəsmilərdən biri olan keçmiş polis polkovniki vurğulayıb.
Moderator.az