6 aylıq qızının corabları və şəkli ilə döyüşən əsgərin ailəsindən reportaj

6 aylıq qızının corabları və şəkli ilə döyüşən əsgərin ailəsindən reportaj backend

Altı aylıq qızını evdə qoyaraq könüllü Vətən Müharibəsinə gedən və əsgər yoldaşlarına şəhid olarsa, qızının üstündə gəzdirdiyi corabları ilə dəfn olunmasını vəsiyyət edən Mehman Seyfullayevin ailəsi onun həmin corabları gətirib qızının ayağına geyindirəcəyi günü gözləyirlər.

"Qafqazinfo”nun əməkdaşları M.Seyfullayevin həyat yoldaşı Zivər və qızı Fəridənin yaşadığı Cəlilabad rayonunun Alar kəndində olublar.

Z.Seyfullayeva deyir ki, həyat yoldaşı döyüşə gedərkən o, qızı Fəridəyə görə narahat olsa da, Mehman deyib ki, məhz Fəridənin gələcəkdə təhlükəsiz yaşaması üçün bu gün döyüşə gedir və şəhid olmağa hazırdır.

Mehman iki ay ərzində qızını görmədiyi üçün artıq üzünü yaddan çıxarmaq üzrə olduğunu deyib. Buna görə də Zivər Mehmanın həm möhkəm dayanması üçün, həm də qızını daim xatırlaması üçün əsgərlərə sovqat aparan şəxslər vasitəsilə 8 aylıq Fəridənin şəklini və corablarını atasına göndərib.

Mehman hətta şəhidlik zirvəsinə çatmağı arzulayaraq döyüşə atılıb. Bir neçə il əvvəl hərbi xidmətdə olarkən fəaliyyətində fərqləndiyi üçün xüsusi təyinatlılara dəvət edilib və təlimləri uğurla bitirən bir neçə gəncdən biri olub. M.Seyfullayev Vətən Müharibəsi zamanı Murovdağ zirvəsi, Kəlbəcər, Şuşa və digər işğal altında olan torpaqlar uğrunda döyüşlərdə iştirak edib. O, düşmənin vahiməli kabusuna çevrilən "qara köynəklilər” qrupunun üzvüdür.

M.Seyfullayevin anası Qəşəng və atası Səyyar hazırda Bakı şəhərində yaşayır. Q.Seyfullayeva bildirir ki, oğlu uşaq vaxtı evin həyətində idman etmək üçün bəzi avadanlıqlar hazırlayıb və həmin yerin üzərində taxtaya "Şəhid Mehman” yazıbmış.

Bu gün Mehman Azərbaycan uğrunda xidmətini davam etdirir. Onun kimi minlərlə hərbçinin arzuladığı zirvəyə isə yüksələn Vətən oğulları var.

Diaspora