Ruslar Qarabağda postları bu yerlərdə qurur, bəs Türkiyə? - Rəsmi xəritələr...

Ruslar Qarabağda postları bu yerlərdə qurur, bəs Türkiyə? - Rəsmi xəritələr... backend

Akar: “Rusiyadan geniş heyət gəlir, taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq”

"Bu gün (noyabrın 12-də) Rusiya sülh kontingentinin ön bölmələri atəşin dayandırılması haqqında razılaşmanın və Dağlıq Qarabağ ərazisində döyüş hərəkətlərinə nəzarət üzrə məsələlərin icrasına başlayıb.15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu saat 17:00-da Xankəndi şəhərinə daxil olub. Atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir".

Qazilər.az-ın məlumatına görə, Musavat.com RBK kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini bir gün əvvəl nəzarətə götürüblər. Bu barədə isə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy verib. “Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarət altına alıb” - deyə, o qeyd edib.

Buna paralel olaraq, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılır. Bu barədə “gettyimages” foto agentliyi foto-xəbər yayımlanıb. Fotoda Dağlıq Qarabağ bölgəsini tərk edən erməni əsgərləri və hərbi texnikası əks olunub.

Rusiya Müdafiə Nazirliyi sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi xəritəsini də yayıb. Xəritəyə əsasən, sülhməramlıların nəzarətində olan ərazi iki bölgəyə bölünüb - "Şimal" və "Cənub".

Xəritələrin oxucular üçün xüsusi izahatına zənnimizcə, ehtiyac yoxdur. Çünki şərti işarələrlə bağlı xəritədə izahat var. Böyük ehtimalla, Türkiyə ilə birgə qurulmuş, amma detalları bu gün yəqinləşəcək Mərkəzin fəaliyyəti də bu xəritədə nəzərə alınıb. Yada salaq ki, birgə fəaliyyətlə bağlı müvafiq saziş Türkiyə milli müdafiə naziri və Rusiyanın müdafiə naziri arasında noyabrın 11-də imzalanıb. Amma digər detallar Rusiya hərbçilərinin bu gün Türkiyəyə gözlənilən səfərindən sonra dəqiqləşəcək. Yenə ehtimal etmək olar ki, xəritədə patrullarla bağlı göstərilən zonada Türkiyə hərçiləri də yer ala bilər. Ancaq bu yalnız bir ehtimaldır. Çünki qardaş ölkə təmsilçiləri bəyan ediblər ki, sülhyaratma missiyasında onlar da bərabərhüquqlu iştirak edəcəklər və Rusiya ilə imzalanan müqavilə və sıx təmaslar bunu təsdiqləyir.

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı “oldu bitdi” müzakirə mövzusu deyil”.

"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Sabah (bu gün-red) Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.

Maraqlıdır ki, “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak isə bir gün əvvəl Türkiyə hərbçilərinin artıq bölgəyə gəldiyini bildirib. O, hərbçilərin sayının Rusiya sülhməramlıları ilə eyni (1960) olacağını iddia edib. Xəbərdə bildirilir ki, bölgədə dörd nəzarət və 16 müşahidə postu yaradılacaq, rusiyalı və türkiyəli hərbçilər burada dövriyyəyə girəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 12-də Qarabağda sülhün bərpa olunması barədə fərmanı imzalayıb. Sənəddə bildirilir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yenilənməsi ildə ən azı iki dəfə baş verəcək. “Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent heyətini ildə ən azı iki dəfə və hərbi texnika isə texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir” - deyə, sənəddə qeyd olunub. Fərman imzalandığı gündən, yəni üçtərəfli bəyanatın imzalandığı 10 noyabrdan qüvvəyə minib.

Yeri gəlmişkən, noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən, əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
Diaspora