44 günlük müharibənin nəticələri münaqişənin həllinə dair Azərbaycan Prezidentinin hərbi və hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti sübut etdi.
Qazilər.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, Ali Baş Komandan "münaqişənin hərbi həll yolu yoxdur" deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən dünya qüvvələrinin planlarını və taktikasını alt-üst etdi: "Sentyabrın 27-dən başlanmış əks-hücum müharibəsi Azərbaycanın gücünü və regionda möhkəm sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən Azərbaycan Prezidentinin ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Azərbaycan silahlı qüvvələrinin yaratdığı siyasi reallıqlarla hamı barışmağa məcbur oldu. Azərbaycan Prezidenti dünya hərb taktikaları tarixində unikal bir yenilik etdi- Azərbaycan on illər boyu uğurlu diplomatiya ilə kənar qüvvələri neytrallaşdırmaqla təcavüzkar Ermənistanı hərb meydanında təkləmək, Ermənistanın heç cür qəbul etmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini hərbi güclə təkbaşına icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya masasına əyləşdirmək kimi uğurlu formul ortaya qoydu. Uğurlu diplomatiya-hərbi təzyiq-danışıqlar masasında şərt diktə etmək bundan sonra bir çox ölkələrin də karına gələcək Azərbaycan modelidir".
Ekspert bildirib ki, dinc şəkildə ədalətə və beynəlxalq normalara uymayan Ermənistan Azərbaycanın hərbi gücü ilə buna məcbur edildi: "Azərbaycan Prezidenti eyni vaxtda həm diplomatik, həm hərb arenasında, həm də informasiya müharibəsi meydanında bütün qüvvələri vahid hədəfə yönəltməyin əla nümunəsini yaratdı.
Düşmənin provakasiyalarına uymadan yalnız hərbi hədəflərlə müharibə aparan Azərbaycan dünyaya həm də müharibə qanunlarını pozmadan hədəfə yetişməyin mümkün olduğunu da sübut etdi. 44 gün ərzində 30 illik təcavüz və etnik təmizləmə siyasətinin qanunsuz nəticələrini ləğv etmək Azərbaycan tarixinin həqiqətən şanlı səhifəsidir. Prezident İlham Əliyev haqqımızı dünyaya təlqin edə-edə bu böyük nəticələri əldə etdi. Azərbaycanın haqqına hörmət edən, etməyə məcbur edilən, ya da heç olmasa neytral qalan ölkələrin sayı və dairəsi genişləndi. Azərbaycan Prezident İlham Əliyevin sayəsində müharibədən bir neçə qat güclənərək çıxdı.
Atəşkəs bəyannaməsinin imzalanması Azərbaycan Prezidentinin ağır intellektual və fiziki səylərinin ümummilli əhəmiyyətli nəticəsidir. Dünya tarixi müharibə tam bitməmiş düşmənin "əlinin arxasını yerə qoyduğu" az-az məqamlar tanıyır ki, bunun da ən klassık nümunəsini Azərbaycan Prezidenti yaratdı".
Baş redaktor deyib ki, Azərbaycanın qalibiyyətli müharibəsi Azərbaycan-Türkiyə qardaşlığını daha da güclü hala gətirdi: "Naxçıvanın tam blokadadan çıxışı regionumuzun geosiyasi mənzərəsini dəyişdirən əhəmiyyətli faktorlardan biri olacaq. Azərbaycan Prezidenti elə bir sülh sonluğu yaratdı ki, təcavüzkar Ermənistan güclü Rusiya-Türkiyə tandemi sayəsində uzun illər üçün cilovlandı. Sülhyaratma missiyasının icrasında qardaş Türkiyənin legitim rolunun rəsmən təmin edilməsi Prezident İlham Əliyevin tarixi geosiyasi uğurlarından biridir".