Dağlıq Qarabağda son 2-3 günə qədər qalan azsaylı jurnalistlər düşmənin apardığı bütün təbliğata baxmayaraq Xankəndində qaçılmaz məğlubiyyətin yaxınlaşmasından irəli gələn kədər və ümidsizliyin hökm sürdüyünü yazırlar.
Qazilər.az Virtualaz.org-a istinadla xəbər verir ki, “Eurasianet” portalının əməkdaşı, jurnalist və rejissor Adrian Hartrik noyabrın 3-də Ermənistan ərazisindən Dağlıq Qarabağa daxil olmağa imkan tapan sonuncu jurnalistlərdən olub. O, Xankəndinə çatandan az sonra Azərbaycan Ordusunun bölmələri Laçın-Şuşa-Xankəndi yolunu nəzarətə götürüb və jurnalist bir neçə digər həmkarları ilə birlikdə ertəsi gün şimal dəhlizi-Xankəndi-Ağdərə-Vardenis yolu ilə Qarabağı tərk edib.“Biz Dağlıq Qarabağda Şuşaya tərəf sürətlə irəliləyirdik və bütün yol boyu erməni əsgərləri səngərlər qazırdılar, açıq-aşkar yolun, döyüş əməliyyatlarının bürüdüyü Qarabağda həyati əhəmiyyətli təchizat xəttinin müdafiəsinə hazırlaşırdılar. Vadinin o tərəfində dağ yamaclarındakı meşələrdən tüstü qalxırdı, yol kənarlarındakı əsgərlər baş verənlərə binoklla baxırdılar və vadidəki situasiyanı izləyirdilər. Mənimlə maşında gedən, buralarda cəmi iki həftə qabaq olmuş həmkarlarımdan birinin sözlərinə görə, o vaxtdan bəri situasiya kəskin dəyişib. “Görünür burada keçən dəfəkindən tamam fərqli vəziyyətdir. Baxaq görək Stepanakert (Xankəndi,-red.) necə görünür”,-o qeyd elədi. Bu, sentyabrın 3-də idi. Həmin vaxta qədər Azərbaycan qüvvələri artıq bir neçə gündür Şuşanın beş kilometrliyinə çatmışdı və ətraf meşələrdə erməni bölmələri ilə yaxın döyüş aparırdı. Azərbaycan qoşunlarının bu dərəcədə yaxınlaşması Şuşada qalanlarda və yaxınlıqdakı Xankəndində həyacan, qorxu yaratsa da bizlərdən əksəriyyəti hesab edirdik ki, yəqin onlar ermənilərin müdafiəsini “narahat etmək” üçün göndərilən kiçik xüsusi təyinatlı dəstələrdir və elə də ciddi təhdid təşkil etmir. Lakin bizim yolda gördüklərimiz buna dəlalət edirdi ki, situasiya heç də bizim təxmin etdiyimiz qədər nəzarət altında deyil”,-jurnalist yazır.
Adrian Hartrik əlavə edir ki, onlar Şuşanı keçib Xankəndinə çatanda şəhərdə sakitlik idi. Jurnalistlər gecələməyə yer tapıblar və sonra yemək yeməyə çıxıblar. Amma masa arxasına keçən kimi yaxın məsafədən açılan artilleriya atəşinin gurultusundan yer titrəyib. Səs isə Şuşa tərəfdən gəlirdi...
“Hətta bilavasitə Dağlıq Qarabağda olanda da etibarlı informasiya əldə etmək çox çətindir. Ön xətlə əlaqəsi olan adamlar ziddiyətli xəbərlər alırlar, ən müxtəlif şaiyələr dolaşır, yerli “hökumət” isə pozitiv əhvalı saxlamağa və baş verənlərin əhəmiyyətini azaltmağa çalışırdı. Ertəsi gün səhər saatlarında biz xəbər aldıq ki, gəldiyimiz yol Şuşa ətrafında gedən döyüşlərin nəticəsində erməni qüvvələri tərəfindən hərəkətə bağlanıb. Laçın dəhlizi kimi tanınan bu yol o vaxta qədər yeganə etibarlı (nisbətən) marşrut idi, bu yolla Qarabağa gəlmək və geri qayıtmaq mümkün idi, indi isə belə çıxırdı ki, biz faktiki olaraq Qarabağda ilişib qaldıq. Əvvəlcə bizə dedilər ki, erməni qüvvələri Azərbaycan xüsusi təyinatlılarının vadidən “təmizlənməsi” və Laçın dəhlizinə yönələn istənilən təhdidin neytrallaşdırılması əməliyyatına başlayıb . Lakin gün ərzində atışma getdikcə şiddətlənirdi. Şaiyələr daxil olmağa başladı ki, azərbaycanlılar vadidə əvvəl hesab edildiyindən daha çox imiş . Lakin biz bu xəbərlərin etibarlılığını yoxlaya bilmədik, hadisələr isə ciddi xarakter alırdı, əhval-ruhiyyə ümidsiz və kədərli idi”,-Cənubi Qafqaz və Yaxın Şərq üzrə ixtisaslaşmış jurnalist gördüklərini belə təsvir edir.
Adrian Hartrik qeyd edir ki, xarici və Ermənistandan gəlmiş jurnalistlər istənilən informasiyanı gözləyirdilər, əsəbi şəkildə Xankəndindən necə çıxmağın yollarını müzakirə edirdilər. “Yerli məmurlar əmin edirdilər ki, yolu yaxın zamanlarda açacaqlar. Lakin məmurların və yerli sakinlərin sifətində taleyə boyun əyməyin kədərli ifadəsi hopmuşdu. Belə hisslər yaranmışdı ki, müharibə artıq Xankəndinə çatıb”,-o yazır.
Jurnalistlər situasiyadan narahat olaraq qaldıqları oteldə toplaşıblar və necə hərəkət edəcəklərinə dair planlar müzakirə ediblər. Dərhal Ağdərə yolu ilə çıxıb getməyi təklif edənlər də olub, bir gün qalıb nə baş verdiyini izləməyi təklif edənlər də.
Gecə səhərə qədər atışma səsləri səngiməyib və Adrian Hartrik səhər açılan kimi alternativ şimal yolu ilə Ermənistana geri qayıtmağı qərara alıb. Onun digər həmkarları isə qalmağa üstünlük verib. Gərgin səyahətin ardınca təhlükəsiz yerə-Ermənistanda Sevan gölünün sahilinə çatıb. “Xankəndindən isə getdikcə daha həyacanlı xəbərlər gəlirdi, atışmalar görünməmiş dərəcədə şiddətlənmişdi...”, - o sonda yazır.