Ermənistan Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Artsrun Ovvanisyan Şuşa uğrunda döyüşlərin getdiyini bildirib. Onun iddiasına görə, döyüşlər Şuşanın “yaxınlığında” gedir.
Ovannisyan etiraf edib ki, Azərbaycan ordusu nəyin bahasına olursa-olsun, Bayraq gününə qədər Şuşaya daxil olmaq və Azərbaycan bayrağını şəhərə sancmaq istəyir. Ermənistan təmsilçisi qeyd edib ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Onun sözlərinə görə, bir neçə gündür döyüşlər şəhərin kənarında gedir.Beləliklə, bir neçə gün əvvəl Şuşa qalası ətrafında gərgin döyüşlər getdiyi halda, Azərbaycan ordusunun Şuşadan xeyli uzaqda olduğunu iddia edən Ovannisyan indi döyüşlərin şəhərin kənarında getdiyini iddia edir. Bu açıqlama isə müəyyən qənaətlərə əsas yaradır. Qeyd edək ki, A.Ovannisyanın yalanları artıq erməni cəmiyyətində də ironiya ilə qarşılanır.
Hətta eks-prezident Serj Sərkisyanın ofisi ölkənin Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumat verməkdə ittiham edib. Ofis Sərkisyanın adından sərt açıqlama yayıb. Açıqlamada Ovannisyanın 2018-2019-cu illərdə Ermənistanın həmişəkindən daha çox silahlandığı haqda rəsmi bəyanatı şərh edilib. “Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da reallığı qəsdən təhrif edir. Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq əxlaqsızlıqdır, demək olar ki, “günahkar” axtarmaqdır. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq”, – deyə eks-prezident vurğulayıb.
Musavat.com