"Şanlı Ordumuz Şuşa ətrafına yaxınlaşdığı üçün atamgili oğurlayaraq, Ermənistana aparıblar.
Bu faktdır ki, Azərbaycanda onlarla erməni hərbi əsir və üç diversant var. Ona görə də ümid edirəm ki, yaxın zamanlarda əsir və girovların dəyişdirilməsi prosesində atam və dostu azad ediləcək”.Bu sözləri Musavat.com-a erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
K.Əsgərov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona sonuncu dəfə atasının məktubunu sentyabrın 4-də çatdırıblar:
“Həmin məktubda ciddi məqamlara toxunmayıb, hamıya salam söyləmişdi, demişdi ki, narahat olmayın”.
Müharibə başladıqdan sonra Komitə ilə hər gün əlaqə saxlayan K.Əsgərova bildirilib ki, atası və atasının dostu Şuşa qalasından çıxarılıb, təhlükəsizlik üçün başqa yerdə saxlanılır.
“Dünən mənə deyildi ki, onları Ermənistana aparıblar. Amma harada saxlandıqlarını bilmirlər.
Mənə deyildi ki, onların yeri müəyyən edilsin, baş çəkəcəyik. Biz də cavab gözləyirik.
Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuza inanıram. Ümid edirəm ki, işğal edilmiş ərazilərimizi azad etmələri ilə yanaşı atamgili də girovluqdan xilas edəcəklər”, - deyə K.Əsgərov vurğulayıb.
Xatırladaq ki, artıq 7 ilə yaxındır Dilqəm Əsgərov və onun dostu Şahbaz Quliyev erməni girovluğundadırlar.