Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin məzarı ziyarət olunub

Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin məzarı ziyarət olunub backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) Bakı şəhərindəki - II Şəhidlər Xiyabanındakı (II Fəxri Xiyabanda) məzarı ziyarət olunub.

QAZİLER.AZ saytı xəbər verir ki, ziyarətdə Fred Asifin ailə üzvləri, yaxınları, silahdaşları və digər insanlar iştirak edib.

Şəhidin ruhuna dualar oxunub, silahdaşları onun keçdiyi döyüş və həyat yolundan danışıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xatırladaq ki, Asif Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. O, 1992-ci il dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. İyulun 3-də Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.











Diaspora