Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər. Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.