“Ən optimal variant odur ki, sərhəddin Azərbaycan tərəfində Türkiyə, Ermənistan tərəfində isə Rusiya qoşunları dayansın...”
Artıq Azərbaycan ordusunun müzəffər əks-hücum əməliyyatları son Qələbə fazasına yaxınlaşmaqdadır. Bunu duyan və məğlubiyyətin qaçılmaz olduğunu anlayan Ermənistan və onun havadarları bölgəyə, xüsusən Laçın dəhlizi deyilən əraziyə beynəlxalq sühməramlı qüvvələrin yerləşdirilməsini gündəmə gətirməyə çalışırlar.Artıq Azərbaycan ordusunun müzəffər əks-hücum əməliyyatları son Qələbə fazasına yaxınlaşmaqdadır. Bunu duyan və məğlubiyyətin qaçılmaz olduğunu anlayan Ermənistan və onun havadarları bölgəyə, xüsusən Laçın dəhlizi deyilən əraziyə beynəlxalq sühməramlı qüvvələrin yerləşdirilməsini gündəmə gətirməyə çalışırlar.
Mövzu ilə bağlı Moderator.az əməkdaşı ilə telefon söhbətində tanınmış politoloq, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti, Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər bir sıra məqamlara aydınlıq gətirib.
-Sülhəddin bəy, ordumuz uğurlu əməliyyatları davam etdirməklə torpaqlarımızı qarış-qarış azad etməkdədir. Necə düşünürsüz, bundan sonra Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə Azərbaycan bayrağını sancmamız yolunda qarşımıza bizi durdura biləcək hansısa radikal bir siyasi qüvvə çıxa bilərmi?
-Artıq belə bir siyasi qüvvə meydana çıxıb. Əgər siyasi-diplomatik yönü nəzərdə tutursunuzsa, faktiki erməni dostluq və ya dəstək qrupu olan ATƏT-in Minsk Qrupu bu istiqamətdə ciddi fəaliyyətə başlayıb. Həmin qrupun son davranışlarına diqqət etsək, görərik ki, onların ilk günlərdən əsas məqsədi Azərbaycanın müzəffər ordusunun Şuşaya, Xankəndinə doğru yürüşünü durdurmaqdı - bunu bacarmadılar. İndi isə Azərbaycanın hərb meydanında tam və qəti qələbəsinin qarşısını almağa çalışırlar. Həm Rusiya, həm ABŞ, həm Fransa və ümumiyyətlə, Ermənistana dəstək verən bütün dünya qüvvələri sonacan bu istiqamətdə çalışacaqlar...
-Bəs hərbi baxımdan müdaxilə mümkündürmü?
-Birbaşa hərb meydanında müdaxiləyə gəldikdə, hesab edirəm ki, burada Azərbaycanın müttəfiqləri kimi Türkiyə və Pakistanın qətiyyətli mövqeyindən çox şey asılı olacaq. Rəsmi Bakı da, inşallah, Ali Baş Komandanın öz çıxışlarında söylədiyi kimi, geri durmayacaq. Prezidentin nə qədər böyük təzyiqlər altında olduğunu anlayırıq. Ancaq onun arxasında bütün Azərbaycan xalqı, o cümlədən siyasi qüvvələr bir yumruq kimi birləşibdir. Türkiyə və Pakistan kimi iki qardaş, dost dövlətlər bütün imkanlarıyla dayanıbdır. İsrail və yəhudi lobbisi də rəsmi Bakıya hərtərəfli dəstək verir. Britaniyanın siyasi qüvvələrinin, neft şirkətlərinin dəstəyi var. Eyni zamanda yəhudi lobbisinin Amerika üzərindən də dəstəyi mövcuddur. O baxımdan mənə elə gəlir ki, Azərbaycan təzyiqlərə boyun əyməməlidir. Və ən azı, Şuşa, Laçın və Kəlbəcər məsələsini hərb meydanında həll etməliyik ki, danışıqlar masasına əyləşəndə əlimiz kifayət qədər güclü olsun. Yəni masada artıq şərtləri diqtə edən biz olaq...
-Belə görünür ki, Ermənistan və onun havadarları Minsk Qrupunun vaxtuzatma missiyasını beynəlxalq sülhməramlılara, xüsusən Rusiya sülməramlılarına ötürməyə çalışır. Bildiyiniz kimi, işğalçı ölkə baş naziri dünən axşam(29.10. 2020) da xarici mediaya müsahibəsində Rusiya sülhməramlılarının bölgəyə yeridilməsinə razı olması haqda danışıb. Erməni tərəfi çalışır ki, Şuşa Laçın, Kəlbəcər, Xankəndi Azərbaycan ordusu tərəfindən tam azad edilməmiş məhz “Laçın dəhlizi” deyilən əraziyə Rusiya sülhməramlıları yerləşdirilsin və məsələ yenə də Ermənistanın özünə gəlməsinədək uzansın...
-Bu istiqamətdə təzyiqlər artıq müharibənin ilk günlərindən başlayıb və Moskvada əldə olunan atəşkəs anlaşmasında da əsas məqsəd və Azərbaycandan əsas tələb də bu olub ki, Rusiya sülhməramllı qüvvələrinin bölgəyə gəlməsinə razılıq versin. Yaxşı ki, Azərbaycan tərəfi atəşkəsə razı olsa da, buna razılıq vermədi...
Yeri gəlmişkən, əgər Azərbaycan ordusu Şuşa, Laçın və Kəlbəcəri azad edərsə, ondan sonra artıq Qarabağ məsələsi sözün həqiqi mənasında Azərbaycanın daxili problemi olacaq. Bu halda bölgəyə sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşdirilmək şərti ilə yeridə bilər. Və erməni əsilli Azərbaycan vətəndaşları ilə rəsmi Bakı arasında münasibətlərin tənzimlənməsi də artıq bizim daxili işimiz olacaq. Təbii ki, Azərbaycan bu məsələdə beynəlxalq hüquq normalarını, imzamız olan bütün beynəlxalq sənədləri, demokratik standartları nəzərə almalıdır. Yəni erməni vətəndaşların həm təhlükəsizliyinə, həm hüquq və azadlıqlarına, həm də milli azlıq kimi mədəni haqlarına təminat verilməlidir. Bu baxımdan da diqqətli olmalıyıq...
Bir daha təkrar edirəm, sülhməramlı qüvvələrin milli tərkibindən asılı olmayaraq biz onların respublika ərazisi daxilində yerləşdirilməsinə imkan verməməliyik. Yəni söhbət əgər Azərbaycan-Ermənistan münaqişəsindən gedirsə, bizim sərhədimiz dövlət sərhədidir. Ən optimal da variant odur ki, sərhəddin Azərbaycan tərəfində Türkiyə qoşunları, Ermənistan tərəfində isə Rusiya qoşunları dayansın. Ən təminatlısı budur. Çünki ermənilər Rusiyaya inanırlar, onunla müttəfiqdirlər, biz də qardaş Türkiyəyə...
-Belə çıxır ki, torpaqlarımızın hər qarışı azad edilməmiş Gorus-Laçın-Şuşa yoluna sülhməramlıların yerləşdirilməsi Azərbaycanı yenidən məğlub duruma sala bilər...
-Bəli... Əgər Şuşa, Laçın və eyni zamanda Kəlbəcər azad edilməmiş biz sülhməramlı qüvvələrin gəlişinə razılıq verəriksə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesi yenə də illərlə uzana bilər. Çünki işğalçı ölkə ordusunun təslim olması üçün Qarabağ ermənilərini Ermənistanla əlaqələndirən bütün yollar, eləcə də Laçın yolundan əlavə, Kəlbəcərdəki iki yol da tam qapadılmalıdır...
Bütün hallarda hesab edirəm ki, kobud bir müdaxilə olmasa, bunun da ehtimalı aşağıdır, yəqin ki, bu yaxın günlərdə, ən azı, Şuşadan və Laçından xoş xəbərləri eşidəcəyik...