Bu gün şanlı Azərbaycan Ordusunun düşmən təxribatlarının qarşısını almaq üçün əks-hücumlara başlamasından bir ay ötür.
Bu bir ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı, nadir hallarda görünən uğurlara imza atdı. Bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.Ü.Cəfərov vurğulayıb ki, bir ay ərzində şanlı Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Hadrutu, həmçinin 150-dən artıq kənd və yaşayış məntəqələrimizi işğaldan azad edib:
“Əlbəttə ki, bu da Ali Baş Komandanın qətiyyəti sayəsində mümkün oldu. Bildiyiniz kimi, bu müddət ərzində düşmənin 250-dən artıq tankı məhv edilib, 50-dən artıq tankı hərbi qənimət kimi götürülüb. Digər çoxsaylı texnikalar məhv edilib və hərbi qənimət kimi götürülüb. Ən əsası düşmənin hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri demək olar ki, məhv edilib. Düşmənin şəxsi heyəti kifayət qədər böyük itkiyə məruz qalıb.
Bu bir ay sübut etdi ki, Azərbaycan ordusu mümkün olmayanı bacardı. Bilirsiniz ki, relief baxımından işğal altında olan əraziləri keçmək çətindir. Yəni aşağıdan yuxarı hərəkət etmək heç də asan məsələ deyildi. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu bunun öhdəsindən gəldi. Azərbaycan əsgəri dünyada hərb tarixinin yeni səhifəsini yazdı. Hər bir Azərbaycan əsgəri, hərbçisi bir qəhrəmandır.
Bu bir ay göstərdi ki, düşmən 30 il ərzində işğal edilmiş ərazilərimizə həddindən artıq silah yığıb, 4 müdafiə xətti yaradıb. Ancaq bütün bunları Azərbaycan Ordusu bir ay ərzində darmadağın etdi.
İnanıram ki, Azərbaycan Ordusu yaxın günlərdə bu məsələləri axıra çatdıracaq. Düşmən tərəfi ağılasığmaz bir zərbə alıb. Azərbaycan Ordusu tez bir zamanda Şuşanı da, Xankəndini də işğalçılardan azad edəcək və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunacaq. Buna heç kimin şübhəsi olmasın”.