“Oğlum həmişə deyirdi ki, ata, Zəngilanı sən ala bilmədin, mən azad edəcəyəm”
Bunu Azvision.az -a Aprel şəhidi Müşfiq Orucovun atası Arif Orucov doğma yurdu Zəngilanın işğaldan azad olunmasından danışarkən deyib. Həmsöhbətimiz bildirib ki, bu xəbər onun ailəsi üçün sürpriz olub.“Dünən bir yoldaş dedi ki, ola bilsin, Prezident Zəngilanın azad olunmasını elan etsin. Dedim tezdir hələ. Ancaq iş elə gətirdi ki, doğurdan da sürpriz oldu. Zəngilan şəhəri daxil olmaqla bir neçə kəndimiz geri alıındı. Tanıdığım, tanımadığım nə qədər adam zəng edib təbrik etdi. Hətta evə gələnlər də oldu. Bir nəfər təbrik üçün zəng etdi, ancaq ağlayıb danışa bilmədi, bir az keçəndən sonra qızını da götürüb bizə gəldi. Müşfiqin dostları, tanışları, məhəllə yoldaşları gözaydınlığı verdilər. Bir qrup yoldaşı İsveçrədən telefon əlaqəsi saxladı”.