Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda backend

Rusiyalı hərbi ekspert: “Dünya dövlətləri Azərbaycanın təcrübəsini ətraflı öyrənəcək”; savaşın taqətdən saldığı işğalçı ölkədə ərzaq qıtlığı yaranıb, daxildən isə onu həm də koronavirus “yeyir”, Ermənistan çökür...

İşğaldan azad olunan yaşayış məntəqələrimizin adları sırasına hər gün, bəzən gün ərzində bir neçə dəfə yeni adlar əlavə olunur. Yazı hazırlanarkən onların sayı 78 idi. Arxasında 50 milyonluq xalqın, 83 milyonluq qardaş Türkiyənin dəstəyini hiss edən rəşadətli əsgərimiz inamla Şuşaya doğru müzəffər yürüşünü davam etdirir.

Müdafiə Nazirliyinin son məlumatlarına əsasən düşmən yeni, ağır itkilər verir və döyüş meydanından qaçır - arxasındakı olan-qalan silah-sursatını və hərbi texnikasını qoymaqla. Bu, Böyük Qələbə Gününün, Şuşaya və digər yerdə qalan şəhər və kəndlərimizə üçrəngli bayrağımızın sancılacağı günün çox da uzaqda olmadığının daha bir xəbərçisidir.

Şanlı ordumuz indi həm tarix yazır, həm də minimal canlı itkilərlə qalibiyyətli müharibə aparmağın misilsiz örnəyini yaradır. Bunu təkcə biz söyləmirik. Dünyanın hərbi “beyin mərkəzləri” də silahlı qüvvələrimizin bu təcrübəsindən az qala şoka düşüblər. Aparıcı dövlətlərin baş qərargahları Azərbaycan nümunəsini tədqiq etməyə girişiblər.

*****

“Azərbaycan Ordusu işğal olunmuş torpaqların azad edilməsi üçün apardığı antiterror əməliyyatı zamanı 21-ci əsrdə müharibə aparmağın nümunəsini ortaya qoydu”.

“Yeni Müsavat”ın məlumatına görə, rusiyalı aparıcı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotchenko belə deyib.

“Əminliklə söyləyə bilərəm ki, döyüş əməliyyatları zamanı müasir silahlardan - pilotsuz təyyarələrdən, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhv etmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Bir ordunun başqa bir ordu ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi”, - deyə Korotçenko qeyd edib.

Onun sözlərinə görə, hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilkdir: “Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə etməyib. Bu tip qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Bura Azərbaycan ordusunun düşmənin hava hücumundan müdafiə qüvvələrini və vasitələrini ləğv etmək, ardınca onun zirehli maşınlarını, yüksək səviyyədə qorunan hədəflərini və canlı qüvvəni sıradan çıxarmaq üçün pilotsuz təyyarələrdən kütləvi istifadəsinə yönəlik taktikası da əlavə edilməlidir”.

Hərbi analitikə görə, yüksək dəqiqlikli silahların istifadəsi mülki itkiləri də minimuma endirir. “Bu baxımdan Azərbaycan həm hərbi uğurlar qazandı, həm də Dağlıq Qarabağda yaşayan mülki şəxslərin həyatını qoruyub saxladı. O səbəbə düşünürəm ki, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində bundan sonra ciddi dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı öyrəniləcək”, - deyə o əlavə edib.

*****

Azərbaycanla müharibə nəticəsində çoxlu canlı qüvvə və bahalı hərbi texnika itirib taqətdən düşən işğalçı ölkədə isə bu arada ərzaq qıtlığı yaranıb. İş o yerə çatıb ki, rəsmi İrəvan, parlament müharibə vəziyyəti dövründə qida məhsullarının, dərman və əsas malların satışı və alışına dair xüsusi proseduru nəzərdə tutan qanun qəbul edib. Bu haqda Ermənistanın “Respublika” qəzeti yazıb.

Bildirilir ki, bundan sonra Ermənistanda zəruri qida məhsullarının, dərmanlar və başqa zəruri malların istehsalı, saxlanması və satışı yalnız polis əməkdaşları, Milli Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının nəzarəti altında həyata keçiriləcək. “Ermənistanda hətta zəruri ərzaq məhsulları məhdud miqdarda satılacaq”, - yeni qanunda qeyd olunur.

Hazırda işğalçı ölkənin bir sıra bölgələrində onsuz da zəruri ərzaq məhsullarının çatışmazlığı var. Sosial şəbəkələrin erməni seqmentində yazırlar ki, paytaxtdan xeyli aralı olan mağazalarda artıq heç nə tapmaq mümkün deyil.

Ukraynalı sosioloq İlya Drobçak isə bu xüsusda və İrəvanın ağır hərbi uğursuzluqları fonunda daha bir faktora diqqət çəkib.

“Yeni Müsavat”ın məlumatına görə, özünün Facebook səhifəsində o yazıb: “Münaqişəyə mən başqa bir tərəfdən baxdım ”otaqda bir fil" gizləndiyini görüb şok oldum - nəyə ki, az adam diqqət yetirir. Söhbət ondan gedir ki, koronavirus xəstəliyi ilə bağlı vəziyyət Ukraynadakından 2,5 dəfə daha pisdir və bu, cəbhədə minlərlə yaralının fonunda baş verir. Həm də kasıb bir ölkədə. Bunlar ən qısa müddətdə Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası üçün şərtlərdir. Belə vəziyyətdə vuruşmağa davam edərlərsə, bu, çox güman ki, milli travma, iqtisadiyyatın çöküşü və Ermənistanın üçüncü dünya ölkəsinə çevrilməsi ilə nəticələnəcək".

*****

Deyəsən, gözlənilən bu acı və labüd aqibəti dərk edən ermənilər də var.

“Etiraf etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü problemi mövcuddur”. Bunu erməni kökənli tanınmış rusiyalı kinorejissor Karen Şahnazarov “Rusiya 1" telekanalında ”Vladimir Solovyovla axşam" verilişinin efirində bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin yalnız hərbi həll yolu var. “Nə vaxt ki, tərəflərdən biri tamamilə tükəndiyini və artıq müqavimət göstərə bilməyəcəyini hiss edəcək, o zaman o, prinsipial qərarlara gedəcək. Nəzərə alınmalıdır ki, Azərbaycanın hərbi potensialı çox ciddidir. İndi 5 rayonu Azərbaycana qaytarmaq və Dağlıq Qarabağ üzərində Bakının hansısa protektoratını (idarəçiliyini red.) yaratmaq lazımdır. Ancaq əgər Bakı hərbi yolla təzyiq göstərib qarşı tərəfin axırına çıxa biləcəyini hiss etsə, onda heç bir güzəştə getməyəcək”, - deyə o əlavə edib.

Məntiqlidir. Çünki bizim daha 30 il mənasız danışıqlar aparmaq lüksümüz yoxdur. İndi şərti məhz Azərbaycan tərəfi diktə edir. Onu Prezident İlham Əliyev dəfələrlə bəyan edib: işğalçı qoşunlar nə qədər gec deyil, qeyd-şərtsiz yerdə qalan torpaqlarımızdan da çıxmalı, İrəvan ərazilərin boşaldılması üzrə vasitəçilərin zəmanəti ilə konkret qrafik təqdim etməlidir. Əks halda, Azərbaycan Ordusu onsuz da gəlir və heç bir qrafikə ehtiyac qalmaya bilər...

“Yeni Müsavat”
Diaspora