Birinci Qarabağ müharibəsinin döyüşçüləri - "Qarabağ qaziləri" İctimai Birliyinin üzvləri bu gün Vətən torpağının azğın düşməndən azad edilməsi üçün ölüm-dirim savaşına atılan gənc əsgərlərimizə dəstək olmaq üçün onların yanındadır.
Qaziler.az öz döyüş bacarıqlarını, bilgilərini bölüşmək üçün ön cəbhədə gənc əsgərlərimizin yanında olan qazilərin təəssüratını öyrənib. Onları oxucularımıza təqdim edirik:Asəf Əliyev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri, 2-ci qrup Qarabağ qazisi:
"Əsgərlərimiz hərbi xidmət keçiblər. Biz əsgərlərimizlə müharibədə qazandığımız təcrübələrimizi, bilgilərimizi bölüşür, ruh yüksəkliyi ilə bağlı tövsiyyələrimizi veririk. Gənc əsgərlərimizin döyüş əhval-ruhiyyəsinə gəlincə, deyim ki, onların gözündə qorxu yoxdur. Hər biri əlinə silah alıb döyüşməyə hər an hazırdır. Vətən torpağının düşmən tapdağından azad edilməsi üçün daim irəliyə can atırlar. Elə bil illərcə döyüşüb səngərdə polad kimi bərkiyiblər. Bax, onlarda belə bir vətənpərvər ruh yüksəkliyi var. Gözlərindən od yağır. Hamısı Qələbəyə köklənib. Bizim işimiz haqq işidir. Torpaqlarımızın azad edilməsi üçün can verib, can alırıq, İnşallah zəfər bizimdir! Qarabağ Azərbaycandır!"
Ədalət Məhərrəmov, 2-ci qrup Qarabağ qazisi:
"Biz oktyabrın əvvəlindən Müdafiə Nazirliyinin xətti ilə Ordumuzun yanındayıq. Əsgərlərimizlə qürur duyuruq. Əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb. Azərbaycan Ordusu bu gün dünyada öz gücünə görə öncüllər sırasındadır. Mən bu Ordu ilə fəxr edirəm. Bizim əsgərlər torpaqlarımızın işğaldan azad edilməsi, ermənilər tərəfindən törədilən Xocalı qətliamının qisasını almaq üçün ancaq irəli-döyüşə getmək ruhuna kökləniblər. Mən millətimlə, dövlətimlə, Ali Baş Komandanımla qürur duydum. Axır ki, biz torpaqlarımızın azad edilməsi şərəfinə nail oluruq, alnımız açıqdır. Bayrağımız Qarabağda dalğalanır. Şəhidlərimizin ruhu şad olsun. Onların qisası alınır. Sağ olsun Ali Baş Komandanımız. Uzun illər həsrətlə gözlədiyimiz müharibə oldu və biz torpaqlarımızın hər qarışını mənfur düşməndən azad edirik. Qarabağın tam azadlığı kişilər bayramı olacaq. Bu, bizim haqqımızdır. Xalqımız, Ordumuz var olsun!"
Rey Kərimoğlu, 2-ci qrup Qarabağ qazisi:
"Cəbhədə döyüşlər başlayandan "Qarabağ qaziləri" birliyi də daxil olmaqla bir neçə təşkilatın nümayəndələri, yəni keçmiş döyüşçülər, Qarabağ qaziləri Müdafiə Nazirliyinin xətti ilə ön cəbhəyə ezam edilib. Burada ezamiyyətdəyik. Məqsədimiz cəbhədə döyüşən əsgərlərin əhval-ruhiyyəsi, psixoloji durumunu yüksəltməkdir. Eyni zamanda, məqsədimiz birinci Qarabağ müharibəsində döyüş əməliyyatları ilə bağlı qazandığımız bilgi və təcrübələrimizi gənc əsgərlərlə bölüşməkdir. Bu istiqamətdə işlərimiz davam edir. Əsgər və zabitlərimizlə hər gün təlimdən sonra müxtəlif görüşlər keçiririk. Təbii ki, vaxtları olanda. Döyüşçülərimizdə çox yüksək əhval-ruhiyyə, hər birində Qələbəyə inam var. İnşallah, yaxın günlərdə tam qələbə çalacağıq. Çünki bu Ordunun, bu əsgərlərini qarşısını heç bir ordu ala bilməz. Şuşa başda olmaqla bütün rayonlarımız işğaldan azad olunana qədər döyüşəcəyik. Torpaqlarımız inşallah, tezliklə və tamamilə azad olunacaq".
Rafiq Kərimov, 2-ci qrup Qarabağ qazisi:
"Döyüşlər başlayandan az sonra Qarabağdakı N saylı hərbi hisssəyə ezam olunmuşuq. Məqsədimiz döyüşə gedən əsgərlərimizə vətənpərvərlik ruhu aşılamaqdır. Hərçənd əsgərlərimizin özü çox yüksək əhval-ruhiyyədədirlər. Maşallah, ürəkli, elə tank kimidirlər. Bu gün Böyük Vətən Müharibəsi gedir. Bu gün oğullarımız Vətən torpaqlarının işğaldan azad edilməsində ürəklə iştirak edirlər. Hamısı döyüşə can atır. Allah əsgərlərimizi qorusun. Ordumuz bütün dünyaya sübut etdi ki, 30 il də keçsə biz torpaqlarımızı azad etmək iqtidarındayıq. Allah əsgərlərimizə güc-qüvvət versin. Allah Ordumuzu, Ali Baş Komandanımızı qorusun! Bu gün bizim Ali Baş Komandan güclü siyasəti, Ordusu sayəsində qürurlu komandan olaraq özünü dünyaya tanıtdı. İnşallah, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olacaq. Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!"
Fəzail Əsədov, 2-ci qrup Qarabağ qazisi:
"Biz Qarabağ qaziləri ayın əvvəlindən cəbhə bölgəsindəyik. Çünki Vətən uğrunda döyüş gedirsə bizm kənarda qalmağımız mümkün deyil. Batalyon düzəldərək döyüşmək üçün Ali Baş Komandana müraciət etsək də hələlik buna icazə verilmir. Buna baxmayaraq, Müdafiə Nazirliyinin göstərişi ilə cəbhə bölgəsindəki hərbi hissələrdə əsgər və zabit heyəti ilə görüşlər keçiririk. Əsgərlərimizin gözündəki o qığılcımı, döyüşə can atmaqlarını görəndə qürur hissi keçiririk. 1991-94-cü illərdə Ali Baş Komandan, Müdafiə Nazirliyi olmadan Vətən uğrunda döyüşmüşük. Təbii bu, bizim borcumuz idi və biz uduzmadıq. Heyf ki, o zaman dövlət uduzdu. Və biz 30 il millətin oyanmasını, bir yumruq kimi birləşməsini gözlədik. Şükür ki, arzumuz çin oldu. Bu gün müharibə yolu ilə torpaqlarımızı azad edirik. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı Şuşada dalğalanacaq. Eşq olsun Azərbaycana, Azərbaycan Ordusuna və Ali baş Komandana! Şuşada görüşənədək!"
Sadiq Quliyev, 2-ci qrup Qarabağ qazisi:
"Biz buraya döyüşə gedən əsgərlərimizlə döyüş təcrübəmizi bölüşməyə, gənc əsgərlərimizin vətənpərvərlik ruhunu yüksəltməyə gəlmişik. Əsgərlərimizin döyüş əhval- ruhiyyəsi, vətənpərvərlik hissləri heyrətamiz dərəcədə yüksəkdir. Onların içərisində atası qazi olanlar da var. Atalarından savaşla bağlı müəyyən məsələləri soruşublar. Elələri də var ki, təcrübə keçməsələr də döyüş haqqında soruşub öyrəniblər. Yəni bu gənclər ruhən özlərini savaşa əvvəlcədən hazırlayıblar. .. Biz əsgərlərimizlə qürur duyuruq! İnşallah, tezliklə Şuşada, Xankəndində, Azərbaycanın işğal edilmiş digər torpaqlarında şanlı Azərbaycan bayrağını dalğalandıracayıq. Biz bu Ordu ilə tezliklə istəyimizə nail olacağıq. Zəfər bizimdir! Biz millətimizlə, Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirik".
Qaziler.az