İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Axullu kəndinin sakinləri də yaşayırlar.
Axullu sakinləri indi doğma kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.AZƏRTAC-ın bölgə müxbiri Ağcabədidə məskunlaşan Axullu sakinləri ilə görüşüb, onların sevincinə şərik olub. Kənd sakini Nəbi Qasımov illərlə yurd həsrəti ilə yaşamağın çətin olduğunu bildirib, tezliklə bu həsrətə son qoyulacağına görə sevincini ifadə edib: “Kəndimizin işğaldan azad olunması hələ də mənə yuxu kimi gəlir. Sevincimi ifadə etməkdə çətinlik çəkirəm. Televizorda Axullunun azad olunması xəbərini eşidəndə böyük oğlum ağladı, mən özümü güclə saxladım. Ailəliklə hamımız böyük sevinc içindəyik. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm”.
N.Qasımov 28 ildir ki, doğma kəndlərini yaddaşında, xatirələrində yaşatdığını bildirib: “Ərgünəş dağının ətəyində yerləşən kəndimizin çox gözəl təbiəti, bulaqları var. Kəndin yuxarı hissəsi meşəlikdir. Kəndimizin hər cığırı, hər guşəsi yaddaşıma elə həkk olunub ki, gözümü bağlasalar belə evimizə gedə bilərəm”.
Qasımovlar ailəsində uşaqların vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir. “Uşaqların vətənpərvər olması, Vətəni sevməsi üçün valideyn özü vətənpərvər olmalıdır”, - deyən Nəbi Qasımov Qarabağ müharibəsi veteranıdır. Övladlarından ikisi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir, bir oğlu isə polis işçisidir. Məhz ailədən gələn vətənpərvərlik, yurda bağlılıq hisslərinin göstəricisidir ki, Axullunu heç vaxt görməyən, kənd işğal olunandan sonra doğulanlar da bu gün sevinc içindədirlər.
Çiçək Qasımova nəvələrinə Axullu kəndi, oradakı evləri, doğma yurdun təbiəti, gözəllikləri barədə daim söhbətlər edir. İndi o nəvələrini də götürüb kəndlərinə gedəcəyi günü səbirsizliklə gözləyir. O deyib: “Ordumuzun uzun illərdən sonra doğma torpaqlarımızı azad etməsi bütün məcburi köçkünlərin böyük sevincinə səbəb olub. Buna görə Prezidentimizə minnətdarıq. Kəndimizin azad olunması xəbərini eşidəndə Nəbiyə dedim ki, Prezidentə ailəmiz adından təşəkkür məktubu yazsın. İndi hamımız kəndimizə qayıdacağımızı gözləyirik. Nəvələrimə deyirəm ki, kəndimizə, Vətənimizə gedəcəyik. Orada gözəl meşələrimiz, soyuq bulaqlarımız var. Uşaqlar da baba yurdlarına gedəcəkləri üçün sevinirlər”.
İndi Axullu sakinləri bir-birini təbrik edir, sevinclərini bölüşürlər. Həm də işğaldan azad edilmiş kəndləri ilə bağlı xəyallar, planlar qururlar. Axullu kəndi də doğma sakinlərin yolunu gözləyir. Həsrətin bitəcəyinə isə lap az qalıb.