Ermənistan ağ bayraq qaldırır: Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir

Ermənistan ağ bayraq qaldırır: Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir backend

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu növbəti təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 21 gündür davam edir. Ötən müddət ərzində düşmənə ciddi sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu onu müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur edib. Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin təxminən 2 milyard dollar dəyəri olan hərbi texnikası, silah-sursatı məhv edilib və ya qənimət götürülüb.

Bu günlərdə ard-arda cəbhədən gələn qələbə xəbərləri xalqımızı daha da ruhlandırır və Ordumuzun döyüş əzmini daha da artırır. Tərtər rayonunun Suqovuşan kəndinin, Cəbrayıl rayonunun mərkəzinin və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun kəndlərinin işğaldan azad edilməsi böyük qələbəmizin ilk addımları hesab oluna bilər.

Erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmaq cəhdləri iflasa uğradı

Ötən 20 gün ərzində Ermənistan hakimiyyəti döyüş meydanındakı məğlubiyyətini etiraf etmək istəmir, əksinə, yalan məlumatlarla erməni ictimaiyyətində “qalib ordu” obrazı yaratmağa çalışırdı. Lakin bununla belə, Paşinyanın müxtəlif ölkələrin dövlət və hökumət başçılarına ünvanladığı müraciətlər, onlara ard-arda zənglər edərək yardım dilənməsi, erməni lobbisinə edilən müraciətlər deməyə əsas verirdi ki, onun özü də yalanlarının ömrünün uzun olmayacağını dərk edir. Atəşkəs üçün dəfələrlə Rusiya Prezidentinə müraciət edən Paşinyan danışıqlara hazır olduğunu açıq şəkildə bildirərək, bir növ döyüşlərdə qalib gələ bilməyəcəklərini etiraf etdi. Moskva görüşündən sonra əldə edilən razılaşmaya əsasən oktyabrın 10-da saat 12:00-da etibarən humanitar atəşkəs təmin edilməli idi. Lakin Ermənistan humanitar atəşkəsin ilk dəqiqələrindən artıq “ənənə” halı almış davranışına “sadiq” qaldı. Müxtəlif bölgələrimizi atəşə tutaraq bir daha beynəlxalq razılaşmaların onlar üçün heç bir önəm daşımadığını göstərdi. Azərbaycan Prezidentinin Ermənistana verdiyi son şansı dəyərləndirmək iqtidarında olmayan Ermənistanın bu addımının əsas səbəbi isə çox sadədir: düşmən qüvvələri cəmləşdirib işğaldan azad edilmiş ərazilərimizi yenidən ələ keçirmək niyyətində idi. Lakin Ordumuzun ayıq-sayıqlığı, peşəkarlığı sayəsində düşmən ağır itkilər verərək geri çəkildi. Ordumuzla mübarizə meydanında açıq-aşkar məğlub olduğunu görən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc sakinlərimizi, yaşayış məntəqələrimizi daha intensiv şəkildə atəş altında saxlamağa başladı. Oktyabrın 11-də gecə saatlarında Gəncəyə atılan raket zərbələri nəticəsində 10 dinc sakin həlak oldu, həmçinin 30-dan çox Gəncə sakini yaralandı. Ordumuzun cavabı isə yenə də döyüş meydanından gəldi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının kəndləri ard-arda işğaldan azad edildi. Ermənistan Ordusunun yüksək rütbəli zabitlərinin, çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi ilə düşmənin silahlı qüvvələrində başlanan pərakəndəlik, fərarilik halları əlbəttə ki, Azərbaycan Ordusuna döyüşlərdə mütləq üstünlük qazandırdı.

Bütün ehtiyatları tükənən Ermənistanordusu ağ bayraq qaldırmaq ərəfəsindədir

Bütün baş verənlər fonunda Ermənistan silahlı qüvvələrinin rəhbərliyi nəhayət ordunun mövqelərdən geri çəkilməyə məcbur olduğunu ifadə etdi. Həmçinin Paşinyan bir daha dünya ermənilərinə müraciət edərək onlara döyüşlərdə iştirak etmək üçün çağırış etdi. Bunun ardınca son bir il ərzində ordudan tərxis olunmuşlar da hərbi komissarlıqlara çağırıldılar. Proseslərin davamlı hal alması düşmən düşərgəsindəki vəziyyətin acınacaqlı olduğunu açıq-aydın göstərir. Bütün bunlar bizə suda boğulanın saman çöpündən yapışmasını xatırladır.

Bir neçə gün əvvəl isə qondarma rejimin rəhbərliyi daha gülünc bir addım atmağa məcbur oldu. Aralarında ahılların da olduğu birinci Qarabağ müharibəsinin iştirakçıları da döyüşlərə məcburi şəkildə cəlb olundu. Əlbəttə ki, ön xəttə peşəkar Ordumuza qarşı bu cür yaşlı döyüşçülərin vuruşaraq hansısa uğur qazanmaq imkanı sıfıra bərabərdir.

Bundan əlavə, düşmən ordunun düşərgəsindən yayılan videogörüntülərdən də aydın şəkildə müşahidə olunur ki, erməni əsgərləri böyük sarsıntı içindədirlər və məcburi şəkildə döyüşürlər. Bir məqama da diqqət yetirmək yerinə düşər. Azərbaycan Ordusu tərəfindən azad edilən düşmən mövqelərindən yayılan görüntülərdə erməni əsgərlərinin mövqelərdən qaçmaması üçün onların ayaqlarının zəncirləndiyi faktı da artıq hər kəsə məlumdur. Yəni, erməni əsgəri də Azərbaycan torpağında ölmək istəmir.

Oktyabrın 17-də isə düşmən yenə Gəncə şəhərini raket atəşinə tutdu. Dinc sakinlər arasında ölən və yaralananlar oldu. Artıq ağlını itirmiş Paşinyan hökumətinin bu cinayətinin cavabı isə daha ağır oldu. Azərbaycan Prezidenti bu gün səhər saatlarında xalqa müraciət etdi, Ordumuzun əldə etdiyi uğurlardan danışdı və Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin düşmən işğalından azad edildiyini elan etdi. Əlbəttə ki, bu, düşmənə ən layiqli cavab idi. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bizim məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsidir və Ordumuz düşmənə layiqli cavabı döyüş meydanında verir.

Müdafiə Nazirliyinin bu gün ərzində yaydığı videolardan da görünür ki, düşmənin son hərbi resursları və canlı qüvvəsi artıq darmadağın edilib.

Bütün bunlar göstərir ki, rezervləri, imkanları tükənən Ermənistan ordusu artıq ağ bayraq qaldırmaq ərəfəsindədir.

Paşinyanın reallıqla barışmaqdan başqa çıxış yolu qalmayıb

“Qarabağ Ermənistandır və nöqtə”, “Şuşada yallı getmək”, “Şuşada qondarma rejimin başçısına “andiçmə” mərasimi keçirmək” və s. Paşinyanın cılız təfəkkürünün məhsulu olan bütün bu təxribatların cavabı bu gün döyüş meydanında verilir.

İqtisadi imkanları onsuz da məhdud olan Ermənistan döyüşlərdən sonra daha ciddi böhran vəziyyətinə düşüb. Ölkədəki ağır iqtisadi durum, sosial problemlər, döyüşlərdəki uğursuzluqlar Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə artıq Ermənistanda valideynlərin hərbi komissarlıqların qarşısında toplaşaraq övladlarının döyüşlərə getməsinə etiraz etdikləri bildirilir. Valideynlər müxtəlif yollarla övladlarının döyüşlərdən yayındırmağa çalışırlar. Döyüş meydanında mövqeləri atıb qaçan erməni əsgərləri ölmək istəmədiklərini, hərbi təchizatın olmadığını deyirlər.

Küçə yürüşləri ilə hakimiyyətə gələn Paşinyan artıq siyasi rəqiblərinin açıq-aşkar təzyiqləri ilə üz-üzədir. Onlar Paşinyanı düzgün siyasət yürütməməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti belə məqamda yenidən beynəlxalq aləmdən kömək istəməyə başlayıb. Paşinyanın səsinin eşidilmədiyini görən bu ölkənin keçmiş prezidentləri də artıq yaranmış böhrandan çıxış yolu üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar.

Belə ağır vəziyyətdə Paşinyanın məğlubiyyətini etiraf edib danışıqlar prosesinə qatılmaqdan başqa seçimi yoxdur. Azərbaycan Prezidentinin danışıqların bərpası üçün irəli sürdüyü şərtlər də artıq hər kəsə məlumdur. Ermənistan baş nazirinin siyasi iradə göstərib bu şərtləri qəbul edəcəyi təqdirdə Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri danışıqlar masasında davam etdirəcək.

Artıq Paşinyanın müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. Yəni, Paşinyan Azərbaycanın diktə etdiyi şərtlərlə danışıqları bərpa etmək üçün müraciətlər edir. Ölkəsindəki ağır böhrandan çıxış yolunu işğal altında olan ərazilərimizi boşaltmaqda görür. Bu, həm də Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülhə məcburetmə əməliyyatının məntiqi nəticəsidir.

AZƏRTAC
Diaspora