Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə bağlı olaraq, uzun müddət qaz təchizatı dayandırılmış bəzi yaşayış məntəqələrinə qazın verilişi bərpa edilməkdədir.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, Tərtər rayonu üzrə artıq 30 kənd qazla təchiz olunub, yalnız Tərtər şəhəri və 21 kəndin qaz təchizatında məhdudiyyət qalmaqdadır.
O cümlədən, Füzuli rayonu üzrə də qaz alan yaşayış məntəqələrinin sayında artım var. Rayonun 38 yaşayış məntəqəsinə təbii qaz verilib, iki yaşayış məntəqəsində isə qaz təchizatı məhdudlaşdırılıb.
Ağdam rayonu üzrə 14 yaşayış məntəqəsi təbii qazla təmin edilib, digərlərində məhdudiyyət qalmaqdadır.
Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı isə sentyabrın 27-dən məhdudlaşdırılıb. Beyləqan və Bərdə rayonlarında hazırda qaz təchizatı tam olaraq bərpa olunub.