Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Qaziler.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən bu saat qədər dağıntılar altından xəsarət almış 17 nəfər və 7 nəfərin cəsədi çıxarılıb.Axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzindən 33 nəfər şəxsi heyət və 3 texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 25 nəfər şəxsi heyət, 3 texnika və 5 baş xüsusi təlim görmüş it, Mülki müdafiə qoşunlarından 48 nəfər şəxsi heyət və 2 ədəd texnika, Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət və 3 texnika cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.