“Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarından sonra Azərbaycan silahlı qüvvələrinin 10 gün ərzində hərbi əməliyyatları uğurla davam edib”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.Onun sözlərinə görə, son bir il ərzində baş verən proseslər onu göstərir ki, Ermənistanın münaqişənin həllində maraqlı deyil:
“Onlar hər bir vəchlə Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası və ilhaqını həyata keçirməyə çalışırdılar. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi danışıqlar prosesinə çox ciddi zərbə vurub.
2016-ci ilin Aprel döyüşlərində ermənilərə vurulmuş zərbəyə baxmayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan bəzi şəxslər hələ də illüziyalarla yaşayaraq, özlərini “qalib” formasında hiss etməyə çalışır və danışıqlar proseslərini uzatmağa, işğal prosesini daha da gücləndirməyə əsaslanmış xətt yürütməyə çalışırdılar”.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına cavabı ilə onların illüziyaları darmadağın edilib:
“Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. 30 il ərzində Ermənistan bu hərbi sistemi, o infrastrukturu formalaşdırmışdı. Coğrafi baxımdan kiçik bir ərazidə Ermənistan tərəfindən böyük silah, texnika və sursatla təchiz edilmişdi. Azərbaycan silahlı qüvvələri sıx atəş altında belə uğurlu əməliyyat həyata keçirdi. Ermənistanın hücumlarına cavab olararaq yenə də cavablar verilir”.