Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvaya çağırılması atəşkəs deməkdirmi?

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvaya çağırılması atəşkəs deməkdirmi? backend

"Bir neçə saatlıq atəşkəs ola bilər” - XİN rəhbərlərinin Moskvaya çağırılmasına reaksiya

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərini Moskvaya dəvət edib.

Musavat.com bildirir ki, bu haqda Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilib ki, Putin Bakı və İrəvana həlak olanların cəsədlərinin, əsirlərinin dəyişdirilməsi məqsədi ilə humanitar zəmində atəşkəs çağırışı edib.

İki ölkənin XİN rəhbərlərinin Moskvaya dəvət olunması xəbəri Azərbaycan xalqında böyük narahatlıq yaradıb.

Ordumuzun işğal edilmiş ərazilərimizdə həyata keçirdiyi əks-hücum əməliyyatlarının uğurla davam etdiyi bir zamanda Putinin bu dəvətinin Rusiyanın təzyiqi ilə atəşkəslə nəticələnəcəyi narahatlığı yaranıb.

Qarabağda başlanmış Vətən müharibəsinin hazırkı şəraitdə atəşkəslə dayanması mümkündürmü?

Bu sualımızı cavablandıran politoloq Eldar Namazov Musavat.com-a bildirdi ki, cəsədlərin döyüş meydanından götürülməsi üçün bir neçə saatlıq atəşkəs qərarı verilə bilər. Onun sözlərinə görə, müharibə dövründə belə hallar olur.

E.Namazov qeyd etdi ki, əsirlərin dəyişdirilməsi isə indiki şəraitdə çətin görünür: “Çünki müharibə davam edir. Elə adamlar ola bilər ki, onlar işğal dövründə böyük cinayətlər törədiblər və müharibədən sonra da cəzalarını çəkməlidirlər.

Ona görə müharibə başa çatdıqdan sonra əsirlərin dəyişdirilməsi mübadiləsi aparılır. Sual yarana bilər ki, əsirləri azad etdik, o zaman onlar necə olacaq, yenə döyüşdə bizə qarşı iştirak edəcəklər?

Amma cəsədlərin döyüş yerlərindən götürülməsi üçün bir neçə saatlıq atəşkəs dünya praktikasında tez-tez rast gəlinən haldır”.

Politoloq xüsusilə vurğuladı ki, Putinin təklifində döyüşlərin tamamilə dayanması yoxdur:

“Söhbət yalnız cəsədlərin götürülməsindən gedir. Rusiya prezidenti buna çağırış edib və hesab edirəm ki, humanitar aksiyadır. Müharibə isə davam edir”.
Diaspora