“Düşmən evimizi dağıtsa da, yenisini tikəcəyik” - Ramil Səfərovun atası

“Düşmən evimizi dağıtsa da, yenisini tikəcəyik” - Ramil Səfərovun atası backend

“Cəbrayılın Şəybəy kəndi işğaldan azad ediləndə Ramil tort alıb gətirdi. Qohumlar, dostlar bir yerə yığışıb qələbəmizi qeyd etdik”.

Bunu Azvision.az -a Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun atası Sahib Səfərov doğma Şəybəy kəndinin azad olunmasından danışarkən deyib. O, bildirib ki, ailəlikcə ata-baba yurduna qayıdacaqları günü səbirsizliklə gözləyir.
“Azərbaycan xalqı kimi mən də çox sevinirəm. Sentyabrın 27-də hadisələr başlayan gündən xəbərləri izləyirəm. Türkiyə-Rusiya kanallarına baxıram. Mən özüm Cəbrayılın Şəybəy kəndindənəm. Ayın 3-də ordumuz kəndimizi azad etdi. Məni tanıyanlar zəng etdilər, evimizə gəldilər. Dedim ki, tək Şəybəy kəndi ilə sevinmirəm. Ən böyük sevincim Laçında, Qubadlıda, Zəngilanda, Ağdamda olacaq. Hamısında bayram toyu kəsəcəyik. Şəybəyin azad olunduğu gün Ramil bizi təbrik etdi. Tort alıb gətirdi. Dost-tanış yığışıb sevincimizi qeyd etdik. Sentyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad olundu. Mən orada yaşayırdım, işləyirdim. Azərbaycan xalqının sevinci mənim sevincimdir”.

S. Səfərov onun ailəsinin də erməni təcavüzündən əziyyət çəkdiyini xatırladıb: “Müharibə dövründə ən ağır zərbələrdən birini də mənim ailəm aldı. Ermənilərin fitnəkarlığı sayəsində Ramil 8 il yarım tək kamerada qaldı. Ölkəmizin başçısı sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının arxasındadır. Heç kimin gözləmədiyi bir məqamda ermənilərin belini qırıb Ramili azad etdi. Anası Ramilin dərdinə dözmədi, rəhmətə getdi. Bu, vətən, torpaq, oğul həsərti idi. Göz yaşı tökən insanlarımız indi sevinc içindədir. Anası Ramilin gəlməyini, torpaqlarımızın alınmasını görmədi. Allah mənə izn versin, Cəbrayılı görüm, əyilim torpağımdan öpüm, əlimi göyə qaldırm və deyim, ilahi, sənə çoxşükür. Havasını alım, suyunu içim. Evlərimizi dağıdıblar, amma biz yenisini tikəcəyik.

Ali Baş Komandan dəfələrlə ermənilərə xəbərdarlıq etmişdi ki, biz müharibə istəmirik, sülh tərəfdarıyıq. Kiminsə qanının tökülməsini dəstəkləmirik. Qoy ana–bacılar gözü yaşlı qalmasın, ailələr dağılmasın. Ermənistanın dövlət başçıları isə havadarlarına arxalanıb buna əməl etmədilər. Onlara dəfələrlə vurulan sillədən nəticə çıxarmadılar. Azğınlaşdılar. Tovuz hadisələri göstərdi ki, ermənilər heç bir işə məhəl qoymadılar. Gör, bunlar nə qədər azğınlaşıblar ki, BMT-nin qətnamələrini Paşinyan inkar edir.

Ordumuz Ali Baş Komandanın əmrini gözləyirdi ki, döyüşə başlasın. Bu dəqiqə bütün Azərbaycan, dünyadakı azərbaycanlılar Ordumuzun, Ali Baş Komandanın ətrafında birləşib”.
Diaspora