Düşmən növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atıb

Düşmən növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atıb backend

Ermənistanın silahlı qüvvələri tərəfindən növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 5 oktyabr tarixində, səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində üç nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Diaspora