Düşmən Beyləqanı və Tərtəri atəşə tutdu: İki nəfər öldü

Düşmən Beyləqanı və Tərtəri atəşə tutdu: İki nəfər öldü backend

İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar.

Eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Həmçinin, təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Diaspora