“Qarabağ qaziləri” ictimai birliyi bu döyüşlərdən əvvəl də cəbhənin müxtəlif istiqamətlərində gərginlik yaşandığı zaman Prezidentə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət etmişdi ki, biz-Qarabağ Qaziləri ordumuzun, dövlətimizin yanındayıq. Keçmiş döyüşçülər olaraq biz müharibədə iştirak edib dövlətimizə, millətimizə, ordumuza fayda vermək istəyirik.
Qazilər.az saytı xəbər verir ki, bu sözləri Qarabağ qazisi, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu qazilərdən ibarət batalyonun yaradılmasıyla bağlı verdiyi açıqlamasında deyib. O, yaxın vaxtlarda həmin batalyonun Qarabağa döyüşməyə yollanacağını vurğulayıb:
“Bildiyiniz kimi artıq sentyabrın 27-dən cəbhənin Qarabağ istiqamətində düşmənə layiqli cavablar verilməyə başlayıb. İntensiv döyüşlər gedir. Buna görə də “Qarabağ qaziləri” birliyi baş qazimiz Etimad Əsədov adına Qazilər batalyonu yaradılması təşəbbüsü ilə çıxış edib. Artıq batalyonun Füzuli, Ağdam, Bərdə və Bakının bəzi rayonlarında ilk könüllüləri formalaşıb. Yaxın günlərdə onlar təcrübəli döyüşçülər olaraq, müvafiq Qarabağda döyüş aparan hərbi hissələrə müraciət edəcək, paltarla, silahla təmin edilib ön cəbhəyə gedəcəklər. Təxminən 500 nəfərlik bir batalyon olacaq. Hələlik hər rayondan 60-70 nəfər toplanıb. Ola bilsin ilk batalyonu yaradandan sonra ehtiyac yarandıqda növbəti batalyonlar da formalaşdıracağıq. Batalyonun yaradılması üçün xüsusi yaş kateqoriyası yoxdur. Bütün yaş kateqoriyasında olan qazilər könüllü şəkildə döyüşmək üçün batalyona yazılırlar, inşallah bu təşəbbüs davam edəcək”.
QAZİLƏR.AZ