“Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət yaranıb. İşğalçı Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışları danışıqlar prosesinin tamamilə dayanmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olub”.
Qazilər.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında deputat Emin Hacıyev deyib.O bildirib ki, danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozan Ermənistan Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücuma hazırlaşır.
“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı zamanı işğalçı dövlətin yeni təcavüz planını ifşa edərək, beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltdi.
Prezident bildirdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”, - deyə Emin Hacıyev əlavə edib.
Millət vəkilinin fikrincə, görünən odur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə əməl etmək, silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarmaq əvəzinə, beynəlxalq hüququn prinsiplərini tapdayaraq, yeni ərazilər zəbt etmək niyyətindədir:
“Belə olan halda, beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, təcavüzkarı durdurmalıdır. Nəhayət, dünya birliyi Ermənistanın regionda təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir. İşğalçı tərəfə hüquqi, siyasi təzyiqlər göstərilmədikcə, ona qarşı ciddi sanksiyalar tətbiq edilmədikcə, Ermənistan daha da azğınlaşır.
Ona görə də təcavüzkara qarşı ciddi tədbir görülməsə, bölgədə vəziyyət daha da kəskinləşə və hər an müharibə başlaya bilər. Belə olan halda, düşmənin istənilən hücumuna layiqli cavab verməyə hazır olan Azərbaycan Ordusu torpaqlarımızı son qarışınadək işğalçılardan azad edəcək”.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
“Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ermənistanın Azərbaycana qarşı əl atacağı növbəti təxribat işğalçı ölkə üçün çox ağır nəticələrə səbəb olacaq. Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik coşğusu bizi yaxınlaşmaqda olan qələbəyə ruhlandırır”.