Daha bir küçəyə şəhidin adı verildi

Daha bir küçəyə şəhidin adı verildi backend

Zərdab rayonunda küçələrdən birinə 1993-cü ilin avqustunda torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonunun Kültəpə ərazisində gedən döyüş zamanı şəhid olmuş hakim Məhərrəm Məmmədovun adı verilib.

"Report" xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçə Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə tanınmış hakimin adı ilə adlandırılıb. Şəhərin 3-cü məhəlləsində, Zərdab-Ucar avtomobil yolundan Suvarma Sistemləri İdarəsinə qədər uzanan küçənin uzunluğu 530 metrdir.

Qeyd edək ki, M.Məmmədov hakim kimi çalışdığı Zərdab rayonu ilə yanaşı, doğulduğu Cəbrayıl rayonunda da böyük nüfuza və hörmətə sahibi olub. Zərdablılar və Qarabağ camaatı bu gün də onu minnətdarlıqla xatırlayırlar.

M.Məmmədovun adını daşıyan küçədən bu gün onun övladları, nəvələri qürur hissi ilə keçib gedirlər. Gələcək nəsillər də onun ruhunu ehtiramla yad edəcəklər.

Şəhid hakim M.Məmmədovun oğlu, peşəkar vəkil Adəm Məmmədov atasının adının Zərdab rayonunda küçəyə verilməsinə görə ailəsi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.


Diaspora