Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırımı siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başladı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı törədildi.
APA TV xəbər verir ki, müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi, bu açıqca insanlığa qarşı amansızlıq idi, kin idi, nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi. Laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi.İnsanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirildi. Həmin qanlı gecədə 90 yaşlı qadın da, 6 aylıq körpədə amansızcasına öldürüldü. Onların tək bir günahı vardı, azərbaycanlı olmaq... Azərbaycanlı olduqları üçün, müdafiəsiz insanların ölüm fərmanları verilmişdi.
Müsahibimiz Laçın rayon sakini Vəzir Hümbətov hazırda Tərtərin Poladlı kəndində yaşayır. Əgər buna yaşamaq demək olarsa... Həmin faciədə 5-i oğlan, 1-i qız olmaqla 6 körpəsini və həyat yoldaşı 33 yaşlı Hürzamanı itirib.
Vəzir Hümbətov Həmin gün yurd yeri seçmək üçün Göygöl rayonuna getdiyini deyir. Çünki Laçın rayonunun Nağdalı kəndindən çıxandan sonra çöllərdə qalmışdı. Körpə balalarını saxlamaq üçün bir yer axtarırdı. Qarşıdan da soyuq havalar gəlirdi. Yaylağa bir gün tez qayıtsaydı, övladlarını sap-sağlam gətirəcəkdi, amma gecikmişdi: “Həmən gecə öz ailəmdən-Hümbətova Hürüzaman Qara qızı yoldaşımdı, Elçin Vəziroğlu, Bəxtiyar Vəziroğlu, İsmayıl Vəziroğlu, Nəbadi Vəziroğlu, Gülnar Vəzirqızı və Canpolad Vəziroğlu. Hamısını bir kəfənə yığmışam. Meyit qalmayıb, yanmışdı sümükləri, külləri qalmışdı. Onun hamısını bir kəfənə yığıb bir qəbirə qoymuşuq. Ora da işğal olundu, nə gedə bilirik, nə gələ bilirik. Bəlkə də elə dağıdıblar ki, getsəm qəbiri də tapa bilməyəcəm”.
Vəzir Hümbətov uzun müddət psixoloji sarsıntılar keçirdiyini, bu səbəbdən müalicə aldığını deyir. Çünki acı üstünə acı yaşamışdı. Ömür gün yoldaşını övladları ilə birlikdə, bir yerdə dəfn etdiyi Ağdamın Güllücə kəndi də işğal olmuşdu. Bu yaşadıqları acıya tab gətirə bilmədiyi üçün intihar etmək belə keçib könlündən. Lakin sonradan qohum-əqrəbanın təkidi ilə ikinci dəfə Sevda adlı xanımla ailə qurub. Talehin işinə bax ki, 6 uşaq atasının bir daha uşağı olmayıb: “Burda ailə qurdum uşaqda olmadı. Həyatda belədir, Allah verən saatı, canı heç kəs ala bilməz. Allahın öz verdiyi vaxtdır. İstədim intihar edəm. Son vaxtı Goranboy rayonunda Ağcakənddə bir qardaşım yaşayır. İki oğlu var, birin gətirdi verdi mənə. Əsgərliyə gedib gəlmiş uşaqdır. Gətirdi verdi mənə, dedi qardaş iki uşaqdır, biri sənin olsun, biri mənim. Onsuzda Allahın qisməti belədir”.
Ballı qaya faciəsinin digər qurbanlarını tanımaq üçün üz tutduq Bərdənin “Xam Torpaq” adlanan ərazisinə. Məcburi köçkünlər üçün salınmış qəsəbədə Mehdiyevlər ailəsi ilə görüşdük. Bu mövzuya haradan necə başlayacağımızı biz də bilmirdik. Sual verməyə belə çəkinirdik. Kimdən nəyi soruşasan!? Axı bu ailə də həmin gecə 4 üzvünü itirib.
Müsahibimiz Laçın rayon Nağdalı kənd sakini, Yunis Mehdiyev deyir ki, həmin gecə yaxın qohum əqrəbaları ilə birlikdə 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və bacısı 36 yaşlı Sürəyya erməni vəhşiliyinin qurbanı olub.