Qarabağda dolaşan ruhlar - Professor Vidadi Əliyevin anım günüdür

Qarabağda dolaşan ruhlar - Professor Vidadi Əliyevin anım günüdür backend

Bu yazını yazarkən 1970-ci illərdəki Xankəndi şəhərini xatırlayıram.

Hər il yay tətilində Vidadi müəllim ailəsi birlikdə bizim ailənin də yaşadığı, eyvanları vilayət partiya komitəsinin inzibati binasına və şəhərin baş meydanına açılan binadakı birotaqlı mənzillərinə köçürdülər. Oxduğum məktəbin məzunu olan gənc alimin hər hərəkəti, davranışı, danışığı mənim üçün maraqlı olurdu. Səliqəli geyimi, həmişə qaydasında olan saç düzümü, nurlu çöhrəsi, mehriban davranışı və bir də məktəbli olmağıma baxmayaraq baxışlarında hiss etdiyim narhatlıq bu gün də olduğu kimi göz önümə gəlir. Mən çox-cox sonralar Vidadi müəllimin baxışlarındakı narahatlığın səbəbini də anladım. Hələ dünyanın ağını qarası ilə seçə bilmədiyim həmin vaxtlarda Vidadi müəllimi narahat edən yersiz ermənilərin yerli azərbaycanlılara qarşı qərəzli, xoşagəlməz münasibəti idi. Sonralar, 1990-cı illərdə artıq mətbuatda işlədiyim vaxtlarda Vidadi müəllimi daha yaxından tanıdım, günlərin birində o, məni Bakıda “Moskva” mehmanxanasına dəvət etdi, biz birlikdə Türkiyədən gəlmiş bir qrup ziyalı ilə Dağlıq Qarabağ mövzusu ətrafında fikir mübadiləsi apardıq, həmin görüşdə Vidadi müəllimin Qarabağ yanğınısını bir daha hiss etdim və bu görüşlər haqqında mətbuatda yazılar yazdım...

Bu gün onun anım günüdür, vəfatından on il ötür. Ötən on ildə olduğu kimi, bu gün də böyük ziyalı, əsl vətəndaş, dəyərli alim Vidadi Əliyev ən xoş xatirələrlə anılacaq, tanıyanlar, dostları, doğmaları onun şərəfli həyat yollarına bir daha nəzər salacaqlar, 71 illik ömrün vətəni, xalqı üçün yaşanan illəri bir daha yada düşəcək.

Vidadi Əliyev 1939-cu ildə Xankəndi şəhərində ziyalı ailəsində anadan olub. Qarabağın tanınmış ziyalılarından olan atası Yusif Əliyev uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil şöbəsinin müdir müavini vəzifəsində çılışıb. Yusif müəllim Xankəndi şəhərində erməni əhalisinin süni səkildə artırıldığı dövrlərdə, erməni şovinizminin baş qaldırdığı illərdə, millətçi ermənilərin gizli planları cızılan vaxtlarda şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında, azərbaycançılıq ideyalarının qorunmasında, onların həmrəy olmasında böyük rol oynayıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Anası Seyran Zeynalova Xankəndi şəhərində fəaliyyət göstərən yeganə Azərbaycan məktəbinin, Nizami Gəncəvi adına 4 saylı orta məktəbin ilk müəllimlərindən biri olub.

Vidadi müəllim məhz belə bir ailədə dünyaya göz açıb, mənəvi dəyərlərə, təhsilə, vətən sevgili olmağa üstünlük verən, bunu vacib sayan valideynlərin tərbiyəsini alıb.

Vidadi Əliyev hələ məktəb illərindən əxlaqı, təhsilə marağı, elmə meylli olması ilə həmyaşıdlrından fərqlənib. O, orta təhsilini yuxarıda qeyd etdiyimiz Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə alıb və bu təhsil ocağını qızıl medalla bitirib. Həmin məktəbin bir məzunu kimi, qeyd etmək istəyirəm ki, şəhər rəhbərliyi bu məktəbdə qızıl medala layiq olan məzunlara bütün mümkün variantlardan istifadə edərək əngəlliklər törədiblər. Millətçi ermənilər ümumittifaq miqyasda qızıl medal alan məzunların siyahıda azərbaycanlının olmaması üçün bütün vasitələrə əl atıblar. Amma Vidadi müəllim süni yaradılmış əngəlliklərdən öz biliyi və savadı ilə çıxaraq adını həmin siyahıya salmağı bacarıb.

Orta məktəbi bitirdikdən sonra Vidadi Əliyev qəbul imtahanlarından yüksək bal toplayaraq təhsilini Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakültəsində davam etdirib. O, tələbəlik illərində də çalışqanlığı, elmə marağı ilə fərqlənib.

Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Vidadi Əliyev Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Ötən əsrin 60-cı illərində üzvi yarımkeçiricilər fizikası sahəsində görkəmli alimlərin diqqətini çəkən tədqiqatlar apararaq SSRİ Elmlər Akademiyasının Leninqrad Yarımkeçiricilər İnstitutunun aspiranturasına daxil olub, orada namizədlik dissertasiyasını, bir neçə ildən sonra isə Moskva şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Vidadi Əliyev Azərbaycan elmini dünyanın 20-dən çox ölkəsində, konfrans və simpoziumlarda ləyaqətlə təmsil edib. O, dünyanın nüfuzlu nəşrlərində dərc olunan 200-dən çox elmi məqalənin, 30-a yaxın ixtiranın müəllifi olub. Cəfakeş alim onlarca elmlər namizədi və elmlər doktoru yetişdirib.

Vidadi Əliyevin elmi pedaqoji fəaliyyəti uzun illər Azərbaycan İnşaat Mühəndisləri İnstitututu ilə (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bağlı olub. O, bu təhsil ocağında kafedra müdiri, professor vəzifəsində çalışarkən istedadlı alim kimi qardaş Türkiyəyə işə dəvət olunub, bütün varlığı Qarabağa bağlı olan bu vətənpərvər insan vətəndən uzaqlarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni əsigəməyib. Trabzon Qara Dəniz Texniki Universitetində işlədiyi dövrün hər dəqiqəsində ürəyi faciələrə qərq olmuş Qarabağla döyünüb.

Tanrının hər kəsə bir ömür payı var. Xoşbəxt o kəslərdir ki, yaşadğı illərdə kimlərinsə yoluna işıq salıb, aydınlıq gətirib, aydın insan Vidadi Əliyevin yaşadığı illər kimi. Bu cür insanların haqq dünyasında, Allahın dərgahında yeri rahatdır. Amma Vidadi müəllimin ruhu nə qədər ki, Qarabağ işğaldan azad olmayıb doğma yurdda nigaran və narahat dolaşacaq.

Ruhunuza rahatlıq diləyirəm, Vidadi müəllim...

modern.az
Diaspora