I qrup Qarabağ qazisi, 1973-cü il təvəllüdlü Mahmudovun Sabir Kəlbi oğlunun sağlamlığında ciddi problemlər var.
Bu barədə Qazilər.az saytına qazinin həyat yoldaşı Nərminə Mahmudova danışıb.Saytımıza kövrələrək danışan Nərminə xanım, ağır xəstə olan yoldaşına kömək edilməsi üçün aiddiyyatı orqanlardan, xüsusən də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadan xahiş edib.
Nərminə xanım müraciətində bildirib ki, Sabir uzun illərdir hepatit xəstəliyindən əziyyət çəkir. Maddi imkansızlıqdan müalicəsini vaxtında edə bilmədikləri üçün hepatit xəstəliyi qara ciyərdə sirroza çevrilib:
“10 il olar ki, yoldaşım Sabirə hepatit diaqnozu qoyulub. Maddi cəhətdən imkanımız olmadığı üçün onu vaxtında müalicə edə bilmədik. Ona görə də illər uzandı, sonra da qaraciyər çevrilib sirroz oldu. Dəfələrlə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşkoda) yatıb. Orda yoldaşıma diaqnoz qoyuldu ki, xəstənin qara ciyəri artıq sirroza çevrilib. Ona elə-belə, yüngül müalicələr olundu, yazılan dərmanları da ala bilmədik.
Hazırda yoldaşımın qarın boşluğunda maye var, ürək çatışmazlığından da əziyyət çəkir. Bu yaxınlarda 3 dəfə Sabunçu xəsətəxanasında da yatmışıq. Orda da yenə diaqnoz qoydular ki, qara ciyər artıq sirrozdur. Nə qədər müalicə olundusa, mənim yoldaşımda bir irəliləyiş görmədik. Hal-hazırda yoldaşım evdə yataq xəstəsidir. Biz çox yerlərə müraciət etdik, məktublar göndərdik, teleqram vurduq, amma bu vaxta kimi heç bir cavab almamışıq. Artıq dərəcədə xahiş edirəm, yoldaşıma bu barədə köməklik edəsiniz. Yoldaşım çox əziyyət çəkir, ağrılara dözmür, müalicəsi düzgün getmir və vaxtlı-vaxtında müalicə olunmur.
Hər gün bizim evə 3 dəfə təcili yardım gəlir. 5 aydır ki, mənim yoldaşım ağrıkəsicilərlə yaşayır. O, ağrıkəsicisiz yata bilmir. Ancaq onların köməyi ilə öz ağrılarını hiss etməməyə çalışır. Təcili yardımdan da bildirilir ki, bunları vurmaq ziyandı, qara ciyərdəki prosesi tezləşdirir. Yəni vəziyyət çox ağırdır. Çox-çox xahiş edirəm, bu barədə bizə köməklik edəsiniz.
Mart ayından bu yana cənab prezidentimizə, Səhiyyə Nazirliyinə, əlillərə baxan quruma müraciət etmişik, teleqramma vurmuşuq. Bunların heç birindən cavab almamışıq. Evimizdə gələcəyin iki əsgərini böyüdürük. Biri 14, digəri 10 yaşındadır. Heç kim istəməz ki, öz körpə balaları yetim qalsın.
Bizə yazılan müalicəni də edə bilmirik, çünki qara ciyər sirrozuna yazılan dərmanlar çox bahadır, çətinlik çəkirik. Hazırda Sabirə gün aşırı 77 manatlıq “Albimon” adlı bir dərman var, o vurulmalıdır. Amma bizim ona maddi cəhətdən gücümüz çatmır. Bu illər ərzində kimsə qapımızı döyüb 1-ci qrup Qarabağ qazisi, yataq xəstəsi Sabir Mahmudovla maraqlanmayıb.
Hətta Sabunçuda, özəl xəstəxanalardan birində Mircəlal həkim var, yoldaşımı bir dəfə onun yanına apardıq. Sənədlərinə baxandan sonra dedi ki, qaziyə qara ciyər köçürülməlidir.
Bunu bildirmək istəyirəm ki, Sabir vaxtiylə canını Vətən uğrunda qoydu, indi isə o da öz Vətənindən can istəyir, yaşamaq istəyir (ağlayır). Heç kim istəməz ki, öz balaları atasız qalsın. Sabir hər dəqiqə övladları qarşısında ölür-dirilir. Xahiş edirəm, Qarabağ qazisi olan yoldaşıma kömək edin. Yoldaşım artıq o həddə çatıb ki, ağrılardan mənə yalvarır ki, zəhər tap içim və ölüm, ağrılarıma dözə bilmirəm. Bax bu vəziyyətdədir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyirik. Xahiş edirik Qarabağ qazimizə dəstək olsun, şərəfini qoruduğu Vətənində yarısağlam da olsa yaşamasına, ailəsinin, balalarının yanında var olmasına kömək etsin”.
QAZİLƏR.AZ