Ötən gecə Qarabağ qazisi Niyaz Ələsgərov cəbhədə aldığı xəsarətdən dünyasını dəyişib.
Qazilər.az xəbər verir ki, bu barədə sayta məlumatı mərhumun yaxınları verib.“Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivləri Niyaz Ələsgərovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!
Allah rəhmət eləsin...
Müdafiə Nazirliyinin rəsmi saytında dünyasını dəyişən qazi barəsində “Fəxr edirəm ki, Azərbaycan Ordusunun zabiti olmuşam...” başlıqlı yazı dərc edilib. Həmin yazını təqdim edirik:
Türk şairi Nazim Hikmətin bir misrasını xatırlayırıq: "Mən bir ceviz ağacıyam, göyərmişəm insanların yaddaşında". Yaddaşlarda yaşamaq hər kəsə qismət olmur. Dum-duru ömür yaşayanların, ömrü Vətən üçün, xalq üçün yaşayanların, son nəfəsinəcən "Vətən!" - deyənlərin, "Xalq!" - deyənlərin ömrü ömürlərə köçür, tarixin cığırdaşı olur. Cəlilabadda doğulub boya-başa çatan Niyaz Ələsgərov da belə ömür yaşayır.
Niyazın Vətən sevgisi ürəyimizi telləndirdi, duyğularımızı coşdurdu, düşüncələrimizin səhər yelinə döndü. Atası hərbçi olub. Hərbi mundirə sevgi ondanmı yaranıb Niyazda? - hərbçi olmağı qərara alıb. Bu istəyin təşnəsi olub Niyaz. Bu istəyi yaşayacağı illərin - ömrünün ağ işığı bilib. Bu istək ötəri istək deyilmiş. Zabit olmaq, torpaqlarımızın müdafiəsində dayanmaq - bu, murazıydı, amalıydı...
Tariximizə də mükəmməl bələddi, ədəbiyyatımızın, incəsənətimizin də vurğunudu. Azərinin ifasında "Yol ver türkün bayrağına" mahnısını ruhunun laylası bilir, vətənpərvərlik mahnılarını dinləməkdən doymur. "Xoşbəxt atayam ki, oğullarım da bu ruhun daşıyıcılarıdı..." - deyir...
Geniş dünyagörüşlə, müqayisəyəgəlməz bənzərsiz Vətən sevgisiylə, könül xoşluğu verən düşüncələriylə ruh qardaşı bildiyimiz (və qürurulandığımız!) istefada olan baş leytenant, I qrup Qarabağ müharibəsi əlili Niyaz Ələsgərovun məktubunda vətəndaş heysiyyəti var. Məktubda azərbaycançılıq var, Azərbaycana, Vətənimizə qədərsiz sevgi var...
"Azərbaycan Ordusu"
Zamanı qabaqlamaq qüdrətimiz olmasa da ayların tez keçməsini arzulayırdıq. Xidmətə başlamaq, torpaqlarımızı işğaldan azad etmək istəyimiz yerə-göyə sığışmırdı. Pilot olmaq istəyirdim, motoatıcı oldum. Sevdim bu ixtisası. Ali hərbi təhsilə yiyələndim. Leytenant rütbəsi ilə taqım komandiri kimi Tərtərdə hərbi xidmətə başladım. 1997-ci ildə. Vətənə sevgisi qədər də düşmənə nifrəti olanlardı əsl Vətən oğlu. Ata öyüd-nəsihətiylə belə böyümüşdüm. Kursant olanda torpaqlarımızın işğalı də məni varımdan yox eləyirdi. Xocalıda törədilənləri xatırlayırdıq, ölümdən can qurtarmaq istəyənlərin ömrünə çökən ölümləri xatırlayırdıq, yolda-izdə donanları xatırlayırdıq, Bağanış Ayrımda, Meşəlidə, Ağdabanda yananları xatırlayırdıq. Zabit kimi xidmətə başlayanda bunları əsgərlərimə də deyirdim.
Düşmən atəşkəsi pozurdu. Hər dəfə hücumların, həmlələrin qarşısını alırdıq. Düşmən adsız yüksəklikdən uzaqlaşdırılmayınca belə həmlələr, hücumlar davamlı olacaqdı. Yuxarı komandanlığın tapşırığıyla qrup yaradılmalı idi. İstər döyüş hazırlığıyla, istərsə də mənəvi-psixoloji hazırlığıyla fərqlənən əsgərləri seçdik. Bizi təlimatlandırdılar, biz də əsgərləri təlimatlandırdıq.
Əsgərin komandirinə ehtiramı, ona inanması döyüş ərəfəsində də, döyüşdə də mühüm amildi. Mən komandirlərimə inandığım səviyyədə əsgərlər də mənə inanırdı, komandirim mənə güvəndiyi səviyyədə mən də əsgərlərə güvənirdim.
Adsız yüksəkliyin alınması bizə tapşırılmışdı. Gecələr qarşıdakı dərəyə yaxınlaşırdıq. Əmr belə idi. Qələbə ovqatı vardı əsgərlərdə, xof yoxuydu.
Düşmənlə aramızda 50-60 addımlıq məsafə vardı. Gecə saat 12 radələriydi. Komandirin əmriylə bir azdan həmlə edəcəkdik. Düşmən duyuq düşübmüş. Qəflətən atəşə tutulduq. Atəş altında olsaq da, kapitan Zaur Məmmədovun əmri ilə həmləyə keçə bildik. Kim həmlə edirdi, kim müdafiə olunurdu - döyüş o qədər gərginiydi ki, bunu ayırd etmək mümkün deyildi. Düşmənin də ağır texnikaları döyüşə qoşuldu, bizim ağır texnikalar da. Bir neçə saatdan sonra məlum olacaqdı ki, 70-ə qədər düşmən məhv edilib...
Sol əlimin bir barmağı yaralandı. Sarıdım. Əsgərlərin sırasındaydım - döyüşürdüm...
Əvvəl sol ayağım, sonra sol qolum yaralandı. Özüm sarıdım, döyüşü davam etdirdim. Yaralandığımı hiss eləmirdim. Səmimiyyətimə inanın, Vətən vardı, Vətənə görə döyüşüydü, bir də qələbə istəyi vardı.
Qəflətən Ruslanın səsini eşitdim:
- Komandir, yaralandım.
Cəsarətli əsgəriydi. Onu döyüşdən çıxartmağı qərara aldım. Çıxartdım da. Nəfəs dərməyə macal tapmamış pulemyot güllələri ayağımın yuxarı nahiyəsini dağıtdı.
Məni hospitala çatdırdılar. İlk yardım göstərildi, ilk əməliyyat aparıldı. Komandirimizin göstərişi ilə məni Mərkəzi Hərbi Hospitala təxliyə etdilər. Onda komandirimiz polkovnik (indi general-leytenantdı) Kərim Vəliyevin kəlmələrini yaşam məlhəmi bildim: - Təşəkkür edirəm, leytenant Ələsgərov, cəsarətinə görə. Xalqımızın adına layiq zabitsən.
Və qoluma bağladığı saatı bu gün də ən əziz xatirə kimi əzizləyirəm. Mərkəzi Hərbi Hospitalda da onun mənə qayğısını son nəfəsiməcən unutmaram. Ayağımı itirməməyim, yaşamağım mənə qədərsiz sayğısının nəticəsidi. Qürurlanıram ki, indi general-leytenant olan Kərim Vəliyevin dəyərləndirdiyi zabit olmuşam. Onun zabitlərə, ümumən hərbçilərə sayğısından məni yoluxmağa gələn zabitlərimizə, əsgərlərimizə çox danışmışam, bu gün də danışıram. Son nəfəsiməcən danışacam da. Bir örnək kimi.
Qədəm atıb yeridiyimi görəndə yaşamağımın, yeriməyimin səbəbkarı olan komandirimin necə sevindiyini unutmaq mümkünmü? Azərbaycan komandirinin, öz zabitinə belə sayğılı münasibətini ordumuzun mənəvi dəyəri bilirəm.
Atamın hospitalda dediklərini də heç zaman unutmaram. "Üzün ağ olsun, oğul", - dedi və əlləri saçlarımda gəzişdi.
İki oğlum var. Nihat 10, Fərid 7 yaşındadı. Onları torpaqlarımızı işğaldan azad etmələri üçün böyütmürəm. Onları böyüdürəm ki, işğaldan azad ediləcək torpaqlarımızı kişi kimi qorusunlar.
Aprel döyüşlərində evdə qərar tuta bilməzdim. Döyüşə getmək istəyirdim. Döyüşməyə sağlamlığım imkan verməsə də getmək istəyirdim. Döyüşənlərə güllə çatdırmaq, “sizin yanınızdayıq” demək üçün. O qələbə ordumuzun gücünü təsdiqlədi. Nə danım, qələbə sonluqlu o döyüşdə mən də iştirak etmək istərdim...
Hərbi xidmətdə olan zabitlərimizi də, əsgərlərimizi də qardaşım bilirəm. Onların Vətən sevgisini gözlərinə nur, ürəyinə təpər, dizinə taqət bilənlərdən biri də mənəm. Əsgər bilir ki, döyüşdə ondan, onun səngərdaşından yayınan güllə Vətənə dəyir. Əsgər Vətənə güllə dəyməsin deyə vuruşur. Belə vuruşmuşuq, belə vuruşurlar, sülh danışıqları baş tutmasa, əsgərlərimiz belə vuruşacaq!.. İstiqlal savaşında Şükrü Paşanın vəsiyyəti olub: "Düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimi keçməmiş ölsəm, sabunum, kəfənim çantamdadı". Bu amalla döyüşənlərə, Vətəni bu amalla qoruyanlara məğlubiyyət yoxdu. Əsgərlərimizin amal ruhu bu işıqlı düşüncənin zərrəsidi...
"Azərbaycan Ordusu" qəzetində bir məqalə oxumuşdum: "Şuşaya aparan yollar görünür" Əsgərlərimiz bu yollardan keçib Böyük Qələbəyə gedəcək. Həm də yaxın vaxtlarda. Cıdır düzündə onların əlini sıxacağım, bağrıma basacağım günün həsrətindəyəm...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Fəxr edirəm ki, belə dövlətin vətəndaşıyam, belə ordunun zabiti olmuşam!..
Niyaz ƏLƏSGƏROV, I qrup Qarabağ müharibəsi əlili