Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
Qazilər.az xəbər verir ki, o, başsağlığını iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı çatdırıb.Məhəmməd Əşrəf Qani vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. O, bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.