Şəhid qadını olmaq

Şəhid qadını olmaq backend

Qazilər.az Günel Mehrinin “Qara paltarlı qadın” essesini təqdim edir.

Polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucovanın timsalında bütün Qarabağ şəhidlərinin xanımlarına ithaf olunur.

Şair necə deyirdi: “Hər kişinin öləndən sonra qəbri üstə ağlamağa bir qara paltarlı gözəl qadına ümidi var...” Hə, yəqin o da ümidliydi, hətta əmin idi. Ki, günün birində cənab Əzrayılla übəüz gələndə eynən bu misralardakı kimi arxasınca göz yaşları axıdacaq qara paltarlı xanımı var. Bəlkə də ölümdən ona görə bu qədər qorxmurdu əfsanəvi Murov qartalı – polkovnik-leytenant Raquf Orucov!..

Biz ilk dəfə görüşəndə də təsadüfdən ya elə zərurətdən əynində qara paltar varıydı Sevinc xanımın. Baxıram ki, gözlərinin, saçlarının rəngiylə həmahəng olan bu libas ona yaman yaraşır. Onsuz da əzmkar ruhuna bir az da əsilzadə çalar qatır qara rəng. Sonra səliqəylə daranmış saçlarına baxıram və qara boyanın altında cığırlanan bəyazlarını görürəm. Görünür, bəyaz cığırlar çoxdan işğal eləyib saçını-başını. Daha doğrusu, o məşum gündən bu yana hər gecə altdan-üstdən uda-uda gedib bəyazlar qaraları... Onu izlədikcə belə-belə düşüncələr dolaşır beynimin dəhlizlərində. O isə böyrümdə dayanıb hüznlü gözləriylə polkovnikin qaradan da qara mərmər boşluğa həkk edilmiş təsvirinə baxır. Sakitcə qıpqırmızı qərənfilləri qara tabutun ətrafına düzürük. Qara mərmər, qırmızı qərənfillər və qara paltarlı qadın... Qırmızı və qara – mənim ən sevdiyim tandem! Bu rəng tablosu Stendalın “Qırmızı və qara” romanının adını xatırladır mənə. Onlarsa mənim düşüncələrimdən xəbərsiz halda baxışırlar. Elə bilirəm, o an Sumqayıt Şəhidlər xiyabanına eşq qığılcımları sıçrayır qarayla qırmızının tandemindən. Və bütün qəbirlərdən tanımadığım şəhidlər bu qığılcımlara sarı boylanır...

Sözün bitdiyi sərhəddəyəm. Çəkilişdə olduğumuzu unutmuşam az qala. Aralarında qaratikan kolu olmaq istəmirəm. Sakitcə sivişib çıxıram. Murov qartalıyla qara paltarlı qadın üzbəüz qalırlar. Və elə o anda aralarında dünyanın ən səssiz dialoqlarından biri başlayır:

- Xoş gəldin!

- Necəsən, əzizim?

- Mən yaxşıyam. Sən burdasan, ayaqdasan, sağsan, sağlıqlısansa, necə pis ola bilərəm ki?.. Yaxşısan, eləmi?

- Hə... Deyirdim ölərəm... Mən sənsiz ölmədim... Sürünüb gedirəm bu ömrü birtəhər. Hər şey var, darıxma. Bircə sənsiz dözəmmirəm...

Hansısa vəhylə, hansısa gözəgörünməz kanalla bu dialoqu eşidirəm elə bil. Amma daha dinləməyə gücüm yetmir. Qulaqlarımı tutub tələsik uzaqlaşıram. Arxamdan sakit-sakit Xəzər boylanır. Qarşımda gəncəcik şəhidlərin mənə dikilmiş nur daman baxışları. Bu baxışların burulğanında üzürəm. O bir deyim var a: “Nur içində yatsınlar...” Bax o deyimin reallıqdakı tablosuyla üz-üzəyəm. Allahım, cənnətə düşmüşəm elə bil. Sevinc xanımın qəfil yanıma sancılan qara kölgəsi məni fikir qatarından ayırır:

- Vidalaşdız?

Başını tərpədir və maşına minib evlərinə doğru yol alırıq. Ünsiyyətcildir, maraqlı müsahibdir Sevinc xanım. Yol boyu havadan, sudan, qəzavü-qədərdən danışıb ürəyimizi boşaldırıq. Bircə əsas mövzuya toxunmuruq heç. İkimiz də ehtiyat edirik elə bil. Mən sual verməkdən, o etiraf etməkdən. Amma gözlərimdən qaçmayan məqamlar olur. Məsələn, görürəm ki, nədən danışırıq-danışaq, dodaqlarına xəfif təbəssüm qonsa da, gözlərində buz kimi kədər məskən salıb. Sevinc qığılcımları elə bil köç edib gedib bu kədərin əlindən. Taleyin ironiyasına bir bax. Sevinc adlı xanım sevincsiz qalıb. Nə ədalətsizmiş bu dünyanın tərəzisi...

Bu yerdə maşın silkələnib dayanır. Evlərinə çatmışıq. Hündür bir yeni tikiliyə daxil oluruq. Və mənzilə adlayar-adlamaz məni qəribə bir hiss bürüyür. Elə hey düşünürəm ki, cənab polkovnik həyatdadır. Hətta mənzilin bir tərəfindən indicə çıxıb bizə qoşulacaq. Bunu evin hər bucağından boylanan fotolardakı iti baxışları deyir, canlıdan da canlı görünən iri tablosu deyir. Tələsik beynimdən bu fikri qovub, bir-bir fotoları incələyirəm. Bu fotoda hərbi geyimdədir Raquf Orucov, sinəsində də medalları. Bu da ailəvi fotoları. Bütün fotoların içində diqqətimi ən çox çəkən bu rəsmi qaldırıram. Gözlərim Raquf Orucovun yanında dünyanın ən bəxtəvər qadını tək gülümsəyən Sevinc xanıma zillənir. Biixtiyar səsli düşünürəm: “Necə də gözəlsiz...” Çərçivəni əlinə alıb dərindən ah çəkir: “Mən də sevirəm bu fotonu...” Hansısa məclisdədirlər. Cüt göyərçinlər tək yanaşı əyləşiblər. Oğlanları da başlarının üstündə. Əynində açıq rəngli par-par yanan ziyafət libası var Sevinc xanımın. Üzü isə ənlik-kirşandan yox, xoşbəxtlikdən parlayır. Həmişə təkrarladığım bir cümləm yadıma düşür: “Qadını gözəl göstərən bəzək-düzəyi deyil, qadın xoşbəxtliyidir!” Demək, Raquf Orucov tək getməyib. Gedərkən Sevincinin sevincini də aparıb özüylə... Fikirlərimi oxuyur elə bil: “Bilirsiz, Günel xanım. O gedəndən sonra ürəkdən sevinə bilmirəm heç. Nə övladlarımın uğurlarına, nə öz fəaliyyətimdəki irəliləyişlərə. Sevinirəm e. Amma o deyil. Nə illah edirəmsə, əvvəlki tək alınmır. Əvvəllər mən qəhqəhəylə gülürdüm. Gülüşüm evlə bir olardı. İndi axırıncı kəs nə vaxt qəhqəhə çəkdiyimi də xatırlamıram...” O danışdıqca daha dərindən anlayıram bir şəhidin xanımı olmağın ağırlığını, məsuliyyətini... Şəhidlik zirvədir axı və ilk növbədə xanımı ömrü boyu şəhidini həmin zirvədə saxlamağı bacarmalıdır: əməliylə, sözüylə, davranışıyla. Eynən Raquf Orucovun həyat yoldaşı Sevinc xanım kimi! Sonra birlikdə keçirdikləri günlərindən, gələcəklə bağlı qurduqları xəyallarından danışır: “O başqaydı e. Yəni hərbiçiydi, dağda-daşdaydı. Amma bizə, mənə, uşaqlara qarşı o qədər diqqətli idi. O qədər qayğıkeş idi. Qoşa gedərdik hər yerə. Hara getsə də, deyirdi, arxayın ol, qayıdacam. Məni arxayın eləmişdi. Deyirdim, həyatdır, bəlkə yaralanar, amma yenə qayıdar. Həmişə oturub səbirlə, təmkinlə gözləyirdim. Qəribədir ki, o, özü məni hazırlamışdı bu sonluğa. Təmkinli olmağı, güclü olmağı, bir də Vətən sevgisini aşılamışdı mənə illərlə...”



Sevinc xanım danışır, mənsə paralel montajla Raquf Orucovun hərbiyə yönəlmə səbəbini xatırlayıram. Bir kitabdan oxumuşdum. Ağdamın kəndlərindən birində doğulub-böyümüşdü Raquf Orucov. Rayon işğal ediləndə dayısı, sonra da anası şəhid olur. Və bu psixoloji travma yeniyetmə Raqufun gələcək həyat yoluna təkan verir. Doğmalarının qisasını almaq üçün hərbi məktəbə üz tutur. Təyinatı Bakıya salınsa da, imtina edir. Düşmən postuyla üzbəüz yerləşən Murov dağdakı hərbi hissəni seçir. “Murov qartalı” təxəllüsünü də elə orada qazanır. Ermənilər əlindən qan ağlayır əfsanəvi kəşfiyyatçının. Çünki odun içindən də salamat qayıdır, nə sirdirsə...

“Həmin günü yuxu kimi xatılayıram. Aprel hadisələrini hamı həyəcanla izləyirdi. Düzdür, narahatlıq varıydı. Amma ağlıma gəlmirdi heç... Əvvəl qohumlardan zəng gəldi ki, salamatlıqdır? Sonra adamlar başladı evə doluşmağa. Heç nə demədən bir-bir, iki-iki gəldilər. Başa düşmək istəmirdim gəlişlərinin səbəbini. Amma hara qədər qaçacaydım ki...”

Səsi qırılır bu yerdə. Hönkürtüylə ağlayır. Onun yaralarının qaysağını qopartmaq istəmirəm daha. Özümü qarşısında o qədər günahkar hiss edirəm ki. Kaş bir sehirli çubuğum olaydı. O çubuqla geri qaytaraydım ölənləri, gedənləri. Və dünyada bir nəfər də qara paltarlı qadın qalmayaydı... Yenə Ramiz Rövşən dadıma çatır: “Bir səhər yuxudan durub özünü uşaq görəsən. Görəsən hamı evdədir, ölənləri sağ görəsən...”

Özünü toxdadıb əlavə edir: “Hər şeyimiz var. Şükür. Əyər-əksiyimiz yoxdur. Hər yerdə adamlardan ancaq hörmət, diqqət görürəm. Özü yanımda olmasa da, adı üstümüzdədir Raqufun. Uşaqlar da toparlanıb. Təhsil alırlar şükür. İşim-gücüm də var. “Zəfər” adlı ictimai birlik yaratmışam. Özüm kimi şəhid ailələrinə maddi-mənəvi dəstək oluram. Başım qarışır. O tədbirdən çıxıb, bu çəkilişə qaçıram. Şəhid uşaqlarını sevindirdikcə ovunuram elə bil. Gündüzləri yola verirəm birtəhər. Amma elə ki axşam düşür, şər qarışır. Uşaqlar öz otaqlarına çəkilir. Elə bil divarlar üstümə gəlir. Özümə yer tapmıram. Onda duyuram tənhalığın dadını, yanımdakı boşluğun böyüklüyünü. Fotolarla dərdləşirəm o vaxt. Hərdən də elə bilirəm ki, bunlar hamısı yuxudu. Qəfil qapı açılacaq, gələcək...”

Əlimlə işarə edib çəkilişi dayandırıram. Əslində yenə suallarım var. Amma həyatımda ilk dəfə istədiyimi almamış müsahibəni yarıda buraxıram. Çəkiliş qrupumuzun uşaqları xasiyyətimə bələddir. Təəccüblə baxışırlar. Başımı tərpədirəm ki, arxayın olun. Bayaqdan gözyaşlarımı onlardan gizlətmək üçün saçlarımı üzümə sipər etmişəm. Üzlərinə baxmağa çəkinirəm. Və birdən gözlərimiz toqquşur. Nə görsəm yaxşıdır? On nəfərlik çəkiliş qrupunun hamısı mənim günümdədir. Hamı doluxsunub, hamı ağlayır: oğlanlı-qızlı. Birtəhər özümü toparlayıb əllərindən tuturam Sevinc xanımın: “Siz örnək qadınsız. Güclü duruşunuzla, şəhid ailələri üçün etdiyiniz layihələrlə tam bir örnəksiz! Əminəm ki, hardansa Raquf bəy sizi izləyir və qürur duyur. Çünki o, sizi ancaq belə görmək istəyərdi: güclü, əzmli, mübariz. “

Ayrılarkən məni doğması kimi qucaqlayır. Bir an beləcə dayanırıq:

- Bağışlayın məni. Sizi o günlərə qaytardım...

- Yox. Elə deməyin. Əslində danışdıqca boşalıram, rahatlaşıram elə bil.

- Yaxşısız?

- Hə. Ürəyimi boşaltdım. Biz tarix üçün olanları danışmalıyıq. Danışmalıyıq ki, xalq öz qəhrəmanlarını tanısın, sevsin, unutmasın!

Binadan çıxırıq. Amma maşına minməyə tələsmirik heç birimiz. İçi mən qarışıq bütün komandamız mənəvi baxımdan ən çətin çəkilişlərdən birini rellaşdırıb. Məncə, hamının bir udumluq havaya ehtiyacı var. Sərin meh üzümü sığalladıqca özümə gəlirəm. Sevinc xanım pəncərədən bizə sarı boylanır. Ona baxa-baxa bayaq dediyim cümləni bir daha pıçıldayıram: “Siz güclü qadınsız, Secinc xanım!” Və bir şeyi özüm üçün yəqinləşdirirəm ki, bu, bizim son ünsiyyətimiz deyil. Mən bu çəkilişlə kifayətlənməməliyəm. İçimi bürüyən hisslərin palitrasına baxıb nəsə yazmalıyam. Amma yeni nə deyəcəm ki? Adam haqqında zatən cild-cild kitablar yazılıb. Yoldaşı dönə-dönə müsahibələr verib. Sonra deyirəm ki, qızım, sən Raquf Orucovdan ya Sevinc xanımdan portret yazmayacaqsan ki. Sən qara paltarlı qadının eşqindən yazacaqsan. Çün eşq elə bir şərbət ki, içən kəs aşiq olduğu şəxsin varlığından da çox, ona bəslədiyi eşqin özünü sevir...

Beləcə yol boyu bu qara paltarlı qadını düşünürəm. Gözümdə canlanan təsvirlər bir-birini əvəzləyir. Biz gedəndən sonra övladlarına xörək hazırlayıb verir. Yaman narahat idi yeməklərinin vaxtı ötüb deyə... Sonra bulaşıqları səliqə-səhmanlayıb otağına keçir. Üzbəüz əyləşirlər ötən axşamlardakı kimi. Bir fincan çayı qurtumlaya-qurtumlaya yağlı boyayla çəkilmiş tablodakı doğma cizgiləri tumarlayır baxışları:

- Hə, Raquf, yenə səni deyib gəlmişdilər... Bilirsən, elə buna görə yaşamağa dəyər. Səni yaşatmağa görə yaşamağa dəyər!..

Epiloq.

Filmimizi uğurla başa vurub efirə təhvil verdik. Amma bu yazını Sevinc xanımla görüşümüzdən düz bir il sonra qələmə aldım. O vaxta kimi ana bətnində uşaq gəzdirdiriyi kimi içimdə daşıdım, düşündüm, daşındım. Və düz bir il sonra oturub birnəfəsə bloknota köçürdüm. Amma yazmazdan öncə Sevinc xanımla qısa dialoqumuz oldu:

- Sizin haqqınızda yazı yazmaq istəyirəm. Bəlkə bir sözünüz, ürəyinizdə qalan bir etirafınız ola...

- Maraqlı olar. Amma qoy məndə qalsın qalanlar... Nə sezdizsə bir qadın kimi onu yazın, Günel xanım...

Etiraf edim ki, dünyada ən çətin işlərdən biri bir qadının, tanıdığı xanımın özünün deyil, dərdinin portretini çizməsidir. Çün bir qadının dilindən də, dərdindən də ancaq başqa bir qadın anlayar. Eləcə səssiz, sözsüz baxışaraq anlayar. Portretinizi izlədiklərimə əsasən cizgilədim, Sevinc xanım. Özü də rənglərin şahı qara rəngdə. Nə qədər reallığa yaxın alındı, bilmirəm. Amma onu yəqin bilirəm ki, bütün rənglər qaranın zülmətində gizlənir. Bir gün bu portretdə gizlənmş al-əlvan rəngləri açıq-aşikar görmək və yeni bir rakursdan yaratmaq ümidi ilə üç nöqtə qoyuram yazıya... Yenə görüşəcəyik inşallah, amma sevinc dolu bir portretdə! Sevgilər!

Kulis.az
Diaspora