1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində "MARAĞA 150" abidəsi ucaltmışdı.
Qazilər.az bildirir ki, bu barədə "Report"a Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.Qeyd olunub ki, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsiylə, abidə ermənilər tərəfindən dağıdılıb:
"Ancaq, dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıntıları hələ də qalmaqdadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz".